İş qarışığının belə yanması detonasiya adlanır. Bu hal mühərrikin işinə çox pis təsir göstərir. Detonasiya əlamətləri – mühərrikdə kəskin taqqıltının olması, gücün azalması, səsboğandan qara tüstünün çıxması və mühərrikin çox qızmasıdır.
Yanacağın detonasiyaya davamlılığı oktan ədədi ilə təyin edilir. Yanacağın oktan ədədi nə qədər böyük olarsa, yanacaq detonasiyaya qarşı bir o qədər davamlı olar.
Benzinin detonasiyaya davamlılığını artırmaq üçün ona çox cüzi miqdarda – 1 litr benzinə 1 sm3 anti-detonator (etil mayesi) qatırlar və belə benzinlər etilli benzinlər adlanır.
Etilli benzin etil mayesi kimi təhlükəlidir, orqanizmə düşdükdə zəhərlənməyə səbəb olur. Etilli benzinlə əl və detal yumağa, geyim təmizləməyə, şlanqdan ağızla sovurmağa icazə verilmir. Etilli benzini adi benzindən fərqləndirmək üçün ona rəng qatırlar. Bunun üçün etil mayesinə qırmızımtıl-narıncı rəng əlavə edirlər. Etilli benzinlə çox ehtiyatlı davranmaq lazımdır. Bu benzinin dəriyə və ya orqanizmin daxilinə düşməsinə yol verilməməlidir. Təsadüfən etilli benzin dəriyə düşərsə, həmin nahiyəni əvvəlcə ağ neftlə, sonra isə sabunla yumaq lazımdır. Bütün davranış qaydalarına əməl edilərsə, etilli benzin heç bir təhlükə yaratmır. Benzin tezalışan yanacaqdır. Buna görə də yanğın əleyhinə tədbirlər görüldükdən sonra benzindən istifadəyə icazə verilir.
2.2 Dizel yanacağı və onun əsas texniki göstəriciləri, setan ədədi
Dizel yanacağı da neftdən hasil edilən karbohidrogen məhsuludur. Dizel yanacağı müəyyən istismar tələblərinə cavab verməlidir. Dizel yanacağının özlülüyü elə olmalıdır ki, mühərrikin normal işini təmin etsin. Yanacaq tam yanmalıdır. Mühərrikin asan işə düşməsi və onun işinin səmərəliliyi bundan asılıdır. Özlülük yanacağı təşkil edən hissəciklərin xarici təsir altında qarşılıqlı yerdəyişməyə müqavimətidir ki, bu da daxili sürtünmə ilə xarakterizə edilir.
Dizel yanacağının alışmaya meylliliyi setan ədədi ilə qiymətləndirilir. Setan ədədi yüksək olduqca dizel yanacağı alışmaya daha meylli olur.