Porşen AÖN-ə çatdıqdan sonra yenidən YÖN-ə doğru hərəkət edir və silindrdə xaricetmə taktı baş verir və yanmış qazlar atmosferə xaric edilir.
Bundan sonra, dizelin iş tsikli göstərilən ardıcıllıqla davam edir. Dördtaktlı benzinlə işləyən mühərriklərin silindrləri daxilində baş verən iş prosesi belədir: Porşen YÖN-dən AÖN-ə doğru hərəkət edir, sorma klapanı açıq, xaricetmə klapanı isə bağlı olur. Silindrdəki seyrəkləşmə nəticəsində yanıcı qarışıq silindrin porşenüstü boşluğuna daxil olur və birinci takt sayılan sorma taktı baş verir.
İkinci – sıxma taktıdır ki, bu takt işçi qarışığı alışmaya hazırlayır. Porşen AÖN-dən YÖN-ə hərəkət edir. Bu zaman hər iki klapan bağlı olur.
Üçüncü – iş gedişi (yanma-genişlənmə) taktıdır ki, bu takt alışan işçi qarışığın enerjisinin faydalı mexaniki işə çevrilməsini təmin edir. Dördüncü – xaricetmə taktı olub, silindri işlənmiş qazlardan təmizləyir. Porşen AÖN-dən YÖN-ə hərəkət edir, xaricetmə klapanı açıq, sorma klapanı isə bağlı olur. Bundan sonra mühərrikin iş prosesi fasiləsiz olaraq göstərilən qayda ilə təkrar olunur.
İkitaktlı mühərriklərin iş prosesi belədir. Bu mühərriklərdə iş prosesi porşenin iki gedişində və dirsəkli valın bir dövründə baş verdiyindən belə mühərriklərə ikitaktlı mühərriklər deyilir. Bu mühərriklərdə porşenin həm başlıq hissəsi və həm də alt hissəsi iş prosesində iştirak edir və bu mühərriklər klapansız olur. Klapan rolunu silindrin divarlarında açılmış pəncərələr oynayır. İş prosesi ilə tanış olaq: Porşenin AÖN-dən YÖN-ə hərəkətində karterdə (çarxqolu kamerasında) seyrəkləşmə yaranır. Porşen silindr divarındakı sorma kanalını açdıqda seyrəkləşmə karbüratora verilir və hava ilə qarışan qarışıq karterə daxil olur. Porşen AÖN-yə hərəkət etdikdə sorma kanalı bağlanır və yanıcı qarışıq karterdə sıxılır. Porşen buraxılış kanalını açan kimi əvvəlcədən karterdə sıxılmış yanıcı qarışıq silindrin porşenüstü fazasına keçir.