2.4.2. Kartof əkən maşının texnoloji prosesi
Kartof əkən maşın traktora asılır və GAV-dan hərəkətə gətirilir. Basdırma dərinliyi relyef köçürən təkər vasitəsi ilə tənzimlənir (Şəkil 2.42, 2). Maşının önündə gedən Yumşaldıcı pəncələr (4) torpağı yumşaldır. Kartof yumruları qutudan (12) əkən aparatla (8), yumru tutucularla (9) götürülür, şaquli istiqamətdə qaldırılır, dönərək aşağı istiqamətdə torpağa yaxınlaşdırılır. Yumrular torpağa yaxınlaşdıqda yumrunu saxlayan barmaqlar ayrılır və yumru öz ağırlığı ilə torpağa çığır açanın (6) açdığı cığıra düşür. Yumru ilə birlikdə maşının konstruksiyasından asılı olaraq qoyulmuş dərman qabından ucluq (7) vasitəsi ilə maye dərman yumrunun düşdüyü laydan aşağıdan torpağa püskürülür. Dərmanın dəqiq yerinə düşməsi lövhə ilə (11) tənzimlənir. Yumruların üstü üstörtənlə torpaqlanır. Əsas şərtlərdən biri ondan ibarətdir ki, uzununa cərgələr düzxətli olmalıdır. Əsas cərgə arası məsafədən meyletmə ±2 sm, qovuşuq cərgəaralarından meyletmə ±10 santimetr ola bilər (Şəkil 2.43) . Kartof bitkisinin dibi doldurulmalı və suvarma şırımları çəkilməlidir. Kartof yumruları hamar əkində 8-14 santimetr, qabarıqlı basdırmada 10-18 santimetr dərinlikdə basdırılmalıdır. Dərinlikdən meyletmə ±2 santimetrədək ola bilər. Kartofun tirə düzəltməklə 4 cərgədə basdırılması şəkil 2.44-də verilmişdir. Kartof yumrular cərgədə cərgəli əkində 23-32 santimetr addımla, kvadrat-yuvalı əkində isə hər yuvaya 2 yumru olmaqla, eyni zamanda mineral gübrə verməklə əkilir. Əkin zamanı traktorun təkərlərinin cərgədə yerləşməsi, kartof yumruları arası məsafə, cərgəarası məsafənin gözlənilməsi sxematik olaraq şəkil 2.45-də verilmişdir. Burada a) kartof 75 santimetr cərgəarası ilə əkildikdə; b) cərgəarası 90 santimetr olduqda verilir. |