2.4.1. Kartof əkinində səpin texnikası
Kartofçuluq respublikamızda ən çox inkişaf etmiş və əhalinin tələbatı olan sahədir. Kartof bitkisi dağlıq və dağətəyi bölgələrdə geniş becərilir. Hətta bəzi hallarda kartof yetişdirildiyi bölgəyə görə fərqləndirilir. Qidalılıq keyfiyyətlərinə görə ən çox tələb edilən Gədəbəy kartofu hesab edilir. Müxtəlif sortları vardır. Kartof bitkisi cərgə arası becərilən bitkidir. Kartof adətən 2 və 4 cərgəli kartof basdıran maşınlarla əkilir. Şəkil 2.39-da 4 cərgəli kartof basdıran aqreqat təsvir edilmişdir. Əkinlə birlikdə maye şəklində dərman verilməsi üçün maşın avadanlıqlaşdırılmışdır. Qovuşuq cərgəarasını tənzimləmək üçün sol marker işçi vəziyyətindədir. Yadda saxlayın ki, əkin üçün nəzərdə tutulmuş kartof yumruları 50-80 qram ölçüdə olmalı və əkindən əvvəl nisbətən cücərdilməlidir. (Şəkil 2.40) Yadda saxlayın! Bəzən kartof yumruları əkin üçün gecikdirildikdə cücərtilər həddindən çox uzanır. Yumrular yeşiklərdən, torbalardan maşının kartof üçün qutusuna töküləndə, əkən aparatın tutucularına düşəndə sürtünmə nəticəsində qırılır. Bu isə toxumun gözlərinin zədələnməsi deməkdir. Odur ki, yumrularda uzun çıxıntılar əkindən qabaq kəsilməlidir (Şəkil 2.41). |