2.3.1. Toxum səpən maşınların tipləri
Bitkilər bir bitkinin qida sahəsindən və tələbatından asılı olaraq müxtəlif üsullarla səpilir: Cərgəli, yuvalı, punktir, lentli, kvadrat-yuvalı, çarpaz səpin üsulları. Toxumun səpilməsi mexanizminə görə toxumsəpən maşınlar pnevmatik və mexaniki olur. Pnevmatik toxum səpən maşınlarda toxumun toxum qutusundan götürülməsi və cığıraçanlara çatdırılması pnevmatik sistemin yaratdığı havanın təsirindən baş verir. Mexaniki tip toxumsəpən maşınlarda isə toxumun hərəkəti mexaniki vasitələrin təsiri ilə baş verir. Toxum səpən maşınlar traktorlarla aqreqatlaşmasına görə asma və qoşma tipli olur. Qoşma tipli toxumsəpənlərin toxum səpən aparatları onların öz təkərlərindən hərəkətə gətirilir. Hərəkət təkərdən səpən aparatlara zəncir və dişli çarx ötürmələri vasitəsi ilə verilir. Səpinlə birlikdə mineral gübrə və alaq otlarına qarşı mübarizə məqsədi ilə herbisidin də verilməsini yerinə yetirə bilən müxtəlif toxum səpən maşınlar mövcuddur. Şəkil 2.7-də toxum səpən maşının səpən aparatlarına zəncir ötürməsi hərəkətin verilmə sxemi göstərilmişdir.
2.3.2. Toxum səpən aqreqatın işə hazırlanması
Cərgəli və tirəli toxum səpən aqreqat işə hazırlanarkən onun texniki vəziyyəti yoxlanılır, toxum səpən aparatlarına hərəkət verən aşkar edilən nasazlıqlar aradan qaldırılır və yağlanır (Şəkil 2.8). |