Bitkilərin yetişdirilməsi və yığılması texnologiyasında ən məsul dövr yetişdirilmiş məhsulun yığılmasıdır.
Məhsul dedikdə bitki yetişəndən sonra bu və ya digər məqsəd üçün zəruri olan son məhsul başa düşülür. Məsələn, taxıl bitkilərində bitkinin yerüstü hissəsi olan dən, kartofda, çuğundurda kökü meyvəli, yem bitkilərində yaşıl kütlə və s. məhsul hesab edilir.
Məhsulun yığılması üçün lazım olan maşınlar son məhsulun növündən asılı olaraq müəyyən edilir.
Məsələn otu tədarük edilmə texnologiyasından asılı olaraq, əvvəlcə biçib, qurutmaq, dırmıqla tirəyə yığmaq, qotmanlamaq, sonra presbağlayanla yığıb presləmək mümkündür. Bu texnologiyada bir neçə maşın istifadə edilir. Və ya birbaşa yemyığan kombaynla biçib, xırdalayıb nəqliyyat vasitəsinə yükləmək və yaşıl yem kimi heyvandarlıqda istifadə etmək olar.
Taxıl məhsulu sahədə qeyri-bərabər yetişdikdə 2 hissəli yığım üsulundan istifadə edirlər, taxılın tam yetişməmiş nəmlik çox olan hissəsini əvvəlcə biçib tirəyə qoyurlar, tirədə quruduqdan sonra kombaynla yığıb döyürlər. Bu texnologiya kombayn çatışmazlığı olan zaman tətbiq edilir.
Birbaşa kombaynla yığım taxıl sahədə bərabər və tam yetişdikdə tətbiq edilir.
Daha səmərəli hesab edilir.
Respublikamızın kənd təsərrüfatı üçün taxılın birbaşa kombaynla yığılıb döyülməsi əlverişli hesab edilir.
1.5.1. Traktora asılan rotorlu ot biçən
Ot biçənlər işçi orqanlarının tipinə görə rotorlu və seqmentli bıçaqlı olur. Ot biçənlər hərəkəti traktorun GAV-dan alır. Rotorlu otbiçənlərin əsas işçi orqanı fırlanan bıçaqlar və əks kəsici disklərdir (Şəkil 1.58).
1.5.2. Otun tirəyə yığılması
Biçilmiş və soluxdurulmuş ot kütləsi traktora asılan dairəvi yaylı barmaqlı dırmıqla tirəyə yığılır. Traktor irəli hərəkət etdikcə dırmığın barmaqları torpaqla toxunmadan fırlanır və özü ilə otu ilişdirərək bir birinə ötürməklə tirə halında düzəldir (Şəkil 1.59). |