Torpağın malalanması dişli və diskli malalarla yerinə yetirilir. Dişli malalar hidravlik idarə olunan, mexaniki qoşulan və rotasion olurlar. Rotasion malaların işçi orqanları şaquli və üfüqi istiqamətdə yerləşməklə torpağı dərin və üzdən yumşalda bilir.
1.2.3. Torpağın dişli mala ilə malalanması
”Lion” markalı traktora asılan dişli mala en götürümü 2,5-6 metr hüdudunda dəyişir (Şəkil 1. 18). Sahəni 10-12 santimetr dərinlikdə yumşaldır, alaqları məhv edir. Malanın çərçivəsi 3 hissədən ibarətdir. 2 yan və 1 mərkəzi bölmə. Yan bölmələr nəqliyyat vəziyyətində hidravlik silindrlərin vasitəsi ilə qaldırılır, işçi vəziyyətə keçən zaman endirilir.
1.2.4. Torpağın ağır diskli mala ilə malalanması
Ağır diskli mala ilə malalama, ağır gillicəli torpaqlarda şumdan sonra yaranan böyük ölçülü kəltənləri əzmək, üst səthdə kəltənləri xırdalamaq, torpaq səthini hamarlamaq üçündür. Müxtəlif konstruksiyada hazırlanır. Əsasən qoşma tipli olur. Disklərin batareyasına görə disklərin sayına və diametrinə görə fərqlənir. Qatlanan hidravlik idarə edilən ağır diskli mala şəkil 1.19-də təsvir edilmişdir.
1.2.5. Başdan-başa kultivasiya
Başdan-başa kultivasiya yazqabağı kultivasiya üçündür, tarlanı başdan başa-xərək qoymadan 10-12 santimetr dərinlikdə yumşaldır, alaqları kəsir. Kultivatorun əsas işçi orqanı qazayağı və ya oxvari pəncələrdir. İki cərgədə düzülür, qabaq cərgədə olan pəncələrin sayı arxa cərgədəki pəncələrin sayından bir ədəd az olur qabaq və arxa pəncələr elə yerləşdirilir ki gedişləri arasında becərilməmiş zolaq-xərək qalmasın (Şəkil 1.20). |