Torpağın xarakteristikası
Kənd təsərrüfatı bitkiləri əkilməzdən əvvəl torpaq səpinə hazırlanmalıdır. Torpağın hazırlanması dedikdə onun müvafiq tələblərə uyğun olaraq becərilməsi başa düşülməlidir. Torpağın becərilməsinə əsas və səpinqabağı becərmə aiddir. Əsas becərmə torpağın - kövşənliyin üzlənməsi və şumlanması əməliyyatlarını əhatə edir. Üzləmə torpaq səthində olan alaqların məhv edilməsi məqsədi daşıyır. Üzləmədən sonra aparılan şumlamada torpağın üst alaqlı layı çevrilərək şum layının altına düşür və alaqlar məhv olur. Kənd təsərrüfatı bitkilərinin torpaqda normal inkişafı, becərilmənin keyfiyyəti torpağın fiziki mexaniki xassələrindən asılıdır. Torpağın xarakteristikası dedikdə torpağın kipliyi, eroziyası, mexaniki tərkibi, nəmliyi, sürtünməsi, bərkliyi, strukturluğu, məsaməliliyi başa düşülür. Maşın-traktor aqreqatı bitkinin vegetasiya dövründə aqrotexniki əməliyyatları yerinə yetirərkən bir neçə dəfə sahədə torpaq üzərində hərəkət edir. Nəticədə texnikanın ağırlığından traktorun, kənd təsərrüfatı maşınlarının və kombaynların yerişli hissələri onların ağırlığından torpaqda iz qoyur. Yəni torpaq sıxlaşdırılır. Bu isə torpağın yuxarıda qeyd edilən xassələrinin pisləşməsinə səbəb olur. Nəticədə bitkinin kök sisteminin inkişafı zəifləyir, qidalı maddələrdən istifadəsi pisləşir və bitkinin inkişafı zəifləyir. Odur ki, torpağın xarakteristikasının qoyulmuş aqrotexniki tələblərə uyğun saxlanılması tələb edilir. Və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.
Torpağın səpinqabağı hazırlanması işlərinə aiddir. Torpaqda nəmliyin qorunması üçün yumşaltma, alaqların məhv edilməsi, suvarma şırımının açılması, torpağın üst layının sıxlaşdırılması və düzləndirilməsi. Bu əməliyyatlar ayrı-ayrı maşın traktor aqreqatı (MTA) ilə yerinə yetirilir. MTA-traktordan və işi yerinə yetirən kənd təsərrüfatı maşınının dəstinə deyilir.
Məsələn, kövşənliyin şumlanması traktor və kotandan ibarət aqreqatla yerinə yetirilir.
Sahənin ləklərə ayrılması. Bu ləkdə səpini aparmaq üçün sahənin hazırlanmasına aiddir. Sahədə maşın-traktor aqreqatı sahənin uzun tərəfi üzrə hərəkət etməklə, sahənin hər iki başında dönməsi üçün dönmə zolaqları ayrılır. Səpin materialını aqreqata doldurmaq üçün ehtiyat toxum və gübrəni sahənin kənarlarında yerləşdirirlər.
Səpindən sonra yerinə yetirilən əməliyyatlar bitkilərə qulluq işlərinə aiddir. Hər bir bitkinin aqrotexnikasına uyğun olaraq qulluq işləri müəyyən edilmişdir. Qulluq işləri vegetasiya dövründə bitkinin xüsusiyyətindən asılı olaraq aparılır. Qulluq işlərinə cərgəaralarında torpağın yumşaldılması, kultivasiya, alaq otlarına qarşı mübarizə, xəstəlik və zərərvericilərə qarşı mübarizə, yemləndirici gübrə vermə, suvarma şırımlarının açılması, suvarma, dib doldurma və s. aiddir.
Bitkilərə qulluq işlərində önəmli yeri xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri tutur. Xəstəliklərə və zərərvericilərə qarşı məhvedici kimyəvi maddələrdən hazırlanmış məhlullar çiləyicisi olan aqreqat vasitəsi ilə bitkinin üzərinə çilənir. Müxtəlif çiləyici aqreqatlar istifadə edilir.
Aqrotexniki əməliyyatlarda ən son əməliyyat yetişdirilmiş məhsulun itkisiz yığılmasıdır.