Hörmətli oxucu!
Azərbaycanda kənd təsərrüfatı tarixi ənənələrə malik olan istehsal sahəsidir. Respublikamız müstəqillik əldə etdikdən sonra aparılan torpaq islahatları nəticəsində insanlar torpaq mülkiyyətçilərinə çevrilmiş və xüsusi mülkiyyətə əsaslanan fermer təsərrüfatları yaranmışdır. Hazırda respublikanın aqrar sahəsində fəaliyyət göstərən özəl aqroservislərdə və Aqrolizinq ASC-nin rayon bölmələrində olan minlərlə kənd təsərrüfatı texnikası fermerlərə aqrotexniki xidmət göstərilməsində və bitkilərin becərilməsi ilə əlaqəli müxtəlif aqrotexniki əməliyyatların yerinə yetirilməsində istifadə edilir.
Kənd təsərrüfatı texnikalarından məhsulun yığılmasından sonra torpağın əsaslı və səpinqabağı becərilməsində, bitkilərin səpini və əkinində, bitkilərə vegetasiya dövründə qulluq işlərində, bitkilərin kimyəvi mühafizəsində, suvarmada, məhsulun yığılmasında istifadə edilir.
Bu modulda bitkilərin becərilməsində torpağın vəziyyəti və xarakteristikası haqqında, hər bir bitkinin səpilməsi və əkilməsi üçün ləklərin hazırlanması, toxumların səpilməsi üçün lazım olan aqrotexnika və bilgilər yer almışdır. Həmçinin bitkilərin səpini və əkinində, mineral və üzvü gübrələrin verilməsində, becərilmədə istifadə edilən ən müasir kənd təsərrüfatı texnikasının quruluşu, əsas işçi orqanları, onların texnoloji nizamlamaları, işə hazırlanması və istifadəsi zamanı təhlükəsizlik texnikası tədbirləri haqqında ətraflı bilgilər verilmişdir.
Respublikada becərilən bitkilərin, o cümlədən taxılın, pambığın, qarğıdalının, günəbaxanın, kartofun, çuğundurun, çəltiyin, noxudun, meyvə və tərəvəz bitkilərinin, yem bitkilərinin yetişdirilməsi və yığımında istifadə edilən müxtəlif ölkələrin istehsal etdiyi ən müasir texnikalar haqqında geniş məlumatlar verilmişdir. Həmçinin, xüsusi olaraq strateji əhəmiyyət daşıyan taxılın, pambığın istehsal texnologiyasında istifadə edilən texnikaların istismar qaydaları, texnikanın sahədə hərəkətinin təşkili, hərəkət üsulunun seçilməsi, texnikanın işə hazırlanması, traktorla aqreqatlaşdırılma məsələləri geniş təhlil edilmişdir.
İlk peşə-ixtisas təhsili mütəxəssisləri üçün əhəmiyyətli hesab edilən texnikadan istifadə edilməsi məsələləri, nizamlama və tənzimləmə işləri, bilavasitə sahədə işin təşkilinə önəm verilmişdir. Texnikadan istifadə edərkən mexanizatorların və ətrafda ola biləcək insanların təhlükəsizliyinin qorunması tədbirlərinə xüsusi yer ayrılmışdır.
Əziz oxucular! Bu modulda olan mövzuların tədris olunması nəticəsində, Siz kənd təsərrüfatı maşınları ilə işlərin yerinə yetirilməsi haqqında biliklər qazanacaqsınız və praktiki məşğələlərdə və fərdi tapşırıqların icrası zamanı bu texnikalarla yaxından tanış olmaqla işlərin yerinə yetirilmə qaydalarına dair bacarıqlara yiyələnəcəksiniz. Bu moduldan ilk peşə-ixtisası təhsili müəssisələrində aqroservis mütəxəssislərinin hazırlanmasında dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.