5.4.8. Çox bölməli firlanan dırmıq
Kuhn firmasının istehsal etdiyi çox bölməli firlanan dırmıq otu çevirib tirəyə qoyur (Şəkil 5.35). Traktora qoşulur, dırmıqlar barmaqlı tiplidir, dırmıq fırlanaraq irəli hərəkət etdikcə bölmələrin barmaqları otu çevirərək tirəyə yığır. Dırmığın hərəkət istiqamətində sağ tərəfində tirəni formalaşdıran lövhə vardır.
5.4.9. Böyük en götürümlü 4 bölməli qoşma dırmıq
Böyük sahələrdə otu daha tez yığıb tədarük etmək üçün yüksək məhsuldarlığa malik dırmıqlardan istifadə edilir. Məhsuldarlığın çox olması dırmığın en götürümünün böyük olması ilə əlaqəlidir. Böyük en götürümlü 4 bölməli otu çevirib, tirəyə yığan qoşma dırmığı en götürümü şəkil 3.5-də verilən dırmıqdan 4 dəfə böyükdür. Bölmələr cüt-cüt yerləşir və qarşı qarşıya biri saat əqrəbi istiqamətində o biri saat əqrəbinin hərəkətinin əksinə fırlanmaqla otu çevirib tirəyə qoyur. Traktora yaxın birinci cüt bölmələrin qolu böyük olduğu üçün daha geniş məsafədən otu tirələyir. İkinci cüt dırmıqlar isə əvvəlki dırmıqların yaratdığı və öz en götürümləri hüdudunda tirədəki otu təkrar çevirərək ortada tirəyə qoyur (Şəkil 5.36).
5.4.10. Orta en götürümlü 2 bölməli qoşulan dırmıq
Orta en götürümlü 2 bölməli otu çevirməklə tirəyə yığan qoşulan dırmıq əvvəlki izah edilən dırmıqlarla eyni prinsipdə işləyir. Fərqi ondadır ki, 2 bölməlidir və en götürümü 1 bölməli dırmıqdan çox, 4 bölməli dırmıqdan azdır. Nisbətən orta ölçülü sahələr üçün əlverişlidir (Şəkil 5.37). Ot dırmığı aqreqatı otun biçilməsi istiqamətində hərəkət etdirilməlidir. |