3.4.10. Torpağın sıxlığının ölçülməsi
Torpağın sıxlığını ölçmək üçün sıxlıq ölçən cihazlardan istifadə olunur. Sıxlıq ölçən cihazlar mexaniki və ultrasəsli olur. Cihazın vericili ucluğu sərbəst gedənədək torpağa yeridilir, dərinlik və torpağın sıxlığı cihazın ekranında görsənir (Şəkil 3.43). Kipliklə torpağın su, hava, istilik və qidalanma rejimləri ilə əlaqəli olduğundan məhsuldarlıqla birbaşa əlaqəsi vardır.
3.4.11. Torpağın kipliyinin bitkinin inkişafına təsiri
Kipliyi artmış, bərk torpaqda bitkilərin kök sistemi yaxşı inkişaf edə bilmir. Şəkil 3.44-də fərqli kipliyə malik torpaqlarda bitkinin kök sisteminin inkişafı müqayisəli verilmişdir. I - sıxlığı çox olan bərk torpaqda bitki kökünün vəziyyəti; II - yumşaqlığı normal olan torpaqda bitki kökünün vəziyyəti; Göründüyü kimi sıx torpaqda bitkinin kökü zəif inkişaf edir.
3.4.12. Qidalı maddələrin mənimsənilmə qabiliyyəti
Sıxlığı çox olan torpaqda bitki qidalı maddələrdən səmərəli istifadə edə bilmir, bitkinin inkişafı zəifləyir. Şəkil 3.45-də üç fərqli sıxlığa malik torpaqda çuğundur kökü yumrusunun inkişafı təsvir edilmişdir. 1 - çox sıx torpaqda çuğundur yumrusunun və yarpaqların vəziyyəti; 2 - az sıx torpaqda çuğundur yumrusunun və yarpaqların vəziyyəti; 3 - normal sıxlığa və yumşaqlığa malik torpaqda çuğundur yumrusunun və yarpaqların vəziyyəti; Burada K - kök yumrusunu, ştrixli xətlər arasındakı zolaq kök yumrusunun əsas inkişaf zolağını göstərir. |