5.3.2. Qoşma kombaynla işləyərkən təhlükəsizlik tədbirləri
Unutmayın! Özüyeriyən kombaynlarda sürücü kombaynın işçi orqanlarını öndən müşahidə edə bilir. Qoşma kombaynlarda isə, kombaynın işçi orqanları sürücüdən arxada yerləşdiyi üçün xüsusi təhlükəsizlik tədbirlərinə əməl edilməlidir.
Pambıqyığan kombaynın sahədə işinin düzgün təşkili qəza və bədbəxt hadisələrdən qorunmanı təmin edir (Şəkil 5.14).
Aqreqatın işi zamanı qəzaların olmaması məqsədilə kənar adamların aqreqatın iş zolağında öndə, yanda və arxada durmasına yol verilməməlidir.
Diqqət! Pambıqyığan kombaynın şpindelinin fırlanma sürəti yüksək olduğundan onun təmizlənməsi kombayn yalnız sönmüş vəziyyətində aparılır (Şəkil 5.15).
Sönmüş halda tənzimlənmənin aparılması qəza və baş verə biləcək bədbəxt hadisələrin qarşısını alır.
5.4. Aqreqatda işləyən insanların qoruyucu geyimləri
Aqreqatın işi zamanı onu idarə edən aqroservis mütəxəssisin, işçi orqanların işinə nəzarət edən digər işçilərin xüsusi geyimlərlə təmin edilməsinin önəmli olması haqqında məlumatlar qeyd edilir. Bu məqsədlə aqroservis mütəxəssisinin xüsusi geyim paltarları ilə, əlcəklə, başının qorunması üçün maska ilə və ayaqqabı ilə təmin edilməsinin vacibliyi qeyd edilir.
Yadda saxlayın! İdarə etmə zamanı aqroservis mütəxəssisinin xüsusi geyimləri yığcam olmaqla gödəkcə və köynəyi şalvarın içinə salınmalıdır.
5.4.1. Qoruyucu geyimlər
Unutmayın! Aqreqatda işləyən insanlar qoruyucu geyimlə təmin edilməlidir (Şəkil 5.16).
Qoruyucu geyimlər işçilərdə qəza ilə nəticələnmənin riskini azaldır və iş məhsuldarlığına, onun işinin səlisliyinə şərait yaradır.