Kənd təsərrüfatı texnikası bilavasitə torpaqla və bitki ilə işlədiyindən torpaq və bitki qalıqları maşının işçi orqanlarında toplanır. Torpağın nəmliyi yüksək olduqda torpaq maşının təkərlərinə, kotanın gövdəsinə, kultivatorun pəncələrinə yapışır onların ağırlığı artır, becərmənin keyfiyyəti dəyişir. Səpən və əkən maşınlarda toxum və gübrə qalıqları təmizlənməlidir. Zəhərli kimyəvi maddələri çiləyən texnikada işçi orqanlar təmizlənməlidir. Taxılyığan, yemyığan, pambıqyığan, çuğundur və kartof yığan kombaynlar yığdığı bitkinin qalıqları işçi orqanların çıxıntılarına ilişib qalır. İstifadədən sonra işin sonunda texnika bitki qalıqlarından təmizlənməlidir.
Diqqət! Bu təlim elementində yeni maşın, texnika və ya aqreqatların istifadəsindən sonra saxlanılması haqqında məlumat verilir.
4.2.1. Texnikanın saxlanması üçün talvarlardan istifadə
Unutmayın! Maşın, texnika və ya aqreqatlar istifadə edildikdən sonra qısa (10 gündən 2 aya kimi) və uzun müddətə (2 aydan çox) saxlanılır (Şəkil 4.2).
Bu məqsədlə texnikanın saxlanılması üçün müəyyənləşdirilmiş xüsusi yerlərdə saxlanma şərtlərinə riayət edilməklə saxlanılmanın təşkil edilməsi vacibdir.
4.2.2. Texnikanın açıq meydançada saxlanılması
Örtülü saxlanma şəraiti olmadıqda texnikanı açıq meydançada saxlamalı olurlar. Bu zaman isə saxlanmaya daha ciddi tələblər qoyulur.
Diqqət! Yeni maşın, texnika və ya aqreqatlar açıq meydançada saxlanıldıqda (suyun axması üçün 2 - 30 maillik) ehtiyac olan işçi hissələr çıxarılaraq anbarda saxlanılır (Şəkil 4.3).
Cərgəarası məsafə (8 - 10 metrdən az olmamalı) və texnikanın növündən asılı olaraq onların arasındakı məsafə (0,6 - 3 metr hüdudunda) mütləq gözlənilməlidir.
Yadda saxlayın! Texnikanın uzun müddətə saxlanılması tam örtülü (anbar) və ya üstü örtülmüş ərazidə olmalıdır.
Üstü örtülü ərazidə saxlanıldıqda maşınların tez sıradan çıxan hissələri texnikanın üzərindən açılaraq müəyyənləşdirilmiş xüsusi örtülü yerlərdə saxlanılır.