4. Yeni maşın, texnika və ya aqreqatların istifadədən sonra saxlanılması
Bu təlim elementində yeni maşın, texnika və ya aqreqatlar məhsulun istehsalında istifadə edildikdən sonra onların saxlanılma qaydaları və bu qaydalara riayət edilməsi verilir. Kənd təsərrüfatı maşınları istifadə edildikdən sonra bəziləri qısa müddətə, bəziləri isə üzün müddətə saxlanılmaq üçün onlara ayrılmış xüsusi yerlərdə saxlanılır. Kənd təsərrüfatı maşınlarının saxlanılması məqsədi ilə onların saxlanılma şərtlərinin gözlənilməsi xüsusilə əhəmiyyətlidir. Bu məqsədlə örtülü anbarlardan, üstü örtülü talvarlardan, xüsusi meydançalardan və s. istifadə edilir.
Kənd təsərrüfatı maşınları uzun müddətə saxlanıldıqda onun işçi orqanlarının torpaqla təmasda olması, yəni torpağın səthində olması işçi orqanların korroziyaya uğramasına və tez sıradan çıxmasına səbəb olur. Odur ki, bu maşınların saxlanma qaydaları haqqında aqroservis mütəxəssislərin və aqroservis mütəxəssislərinin təlimatlandırılması xüsusilə əhəmiyyətlidir.
Texnika açıq havada mühafizəsiz saxlandıqda atmosfer çöküntülərinin təsirindən təkərləri, qayış və zəncir ötürmələri, rezin hissələri keyfiyyətini və elastikliyini itirir.
Uzun müddətli saxlamada elektrik avadanlıqları, qayışlar və digər hissələr texnikanın üzərindən sökülərək anbara təhvil verilməlidir.
Anbara təhvil verilən hissələrə saxlanma vaxtı xidmət edilməli, yağlanmalı hissələr yağlanmalıdır.
4.1. İsti mühərrikin soyudulması
Özüyeriyən kənd təsərrüfatı texnikası işdən sonra dayandırıldıqda onun mühərriki isti halda olur. İsti mühərrik təhlükəlidir. Toxunduqda əli yandıra bilər. Xüsusi ilə ixrac qazlarını ötürən boru yüksək temperaturadək qızır. İsti mühərriki dayandıran kimi bir neçə saniyədən sonra qaynama baş verir, yəni soyuducu maye genişləndirici qabı doldurmağa başlayır və püskürmə baş verir. Soyutma sistemində olan mayeni tamam vurub çıxarır. Maye yerə tökülür (Şəkil 4.1).
Bunun səbəbi bəzi hallarda soyuducu mayenin keyfiyyətinin aşağı olması, bəzi hallarda isə qovucu nasosun pərinin qırılması ola bilir.
Diqqət! İş vaxtı bitdikdən sonra isti mühərrikin soyudulması lazımdır.
4.2. İstifadədən sonra texnikanın təmizlənməsi
Bu alt başlıqda kənd təsərrüfatında məhsul istehsalında istifadə edilən maşın, texnika və ya aqreqatlar istifadə edildikdən sonra saxlanılmasının düzgün təşkili qeyd edilir. Kənd təsərrüfatı maşınlarının saxlanılması məqsədi ilə onlar üçün ayrılmış yerlərin tələb edilən səviyyədə olması əhəmiyyətlidir. Kənd təsərrüfatı maşınlarının elə hissələri vardır ki, onlar maşından kənarda sökülmüş halda və örtülü anbarlarda saxlanılmalıdır.