3.8. Nasazlıqlara görə yaranan səs və iylər
Məlumdur ki, traktorların və kombaynların mühərriklərində, gücötürmə mexanizmlərində, idarə etmə orqanlarında, hərəkət hissələrində, işçi və koməkçi orqanlarında uzun zaman işlədikdən sonra sürtünmə nəticəsində yeyilmə baş verir. Yeyilmə nəticəsində sürtünən hissələrin ölçüləri dəyişir. Bəzi hallarda yeyilmiş hissələrdə səslər və xarakterik iylər əmələ gəlir. Mexnizator bu səsləri və iyləri bilməli və müvafiq tədbirlər görməlidir.
3.8.1. Mühərriklərdə baş verən nasazlıqlar
Traktorun mühərrikində nasazlıqlar əsasən qida sistemində, yağlama sistemində, soyutma sistemində, çarxqol - sürgüqol mexanizmində, qazpaylama mexanizmində ola bilir.
Qida sistemində yanacaq nasosunda forsunkalarda nasazlıqlar baş verə bilər.
Mühərrikdə yanacağın natamam yanmasından detonasiya əmələ gəlir.
Detonasiya tez alışmadan baş verir, çox səsli, partlayışlı səs əmələ gətirir.
Səs əmələ gətirən nasazlıqlar əsasən sürtünən hissələrdə baş verir.
Bəzi hallarda detonasiya nəticəsində porşenin üst hissəsi deşilir (Şəkil 3.37).
3.8.2. Mühərrikdə kar səs yaranması
Mühərrikdə kar səs yaranması dirsəkli valda əsas və sürgü qolu boyunlarında yeyilmədən araboşluğunun əmələ gəlməsi nəticəsində baş verir.
Dirsəkli valda səs olanda səs mühərriki işə salan anda baş verir. İşə salma zamanı yağ soyuq olduğundan dirsəkli valın yastıqlarına çatmadığı üçün səs gəlir. Sonra səs sakitləşir. Mühərrikin boş iş rejimində tam yox olmur (Şəkil 3.38).