3.4.2. Taxılyığan kombaynın məhsuldarlığı
Diqqət! JOHN DEERE taxılyığan kombaynın məhsuldarlıq həddi gözlənilməlidir (Şəkil 3.26). Aqreqatın saatlıq məhsuldarlığı:
W = 0,1 Biş VişTiş, ha/saat hesablanır.
Burada:
Biş - aqreqatın en götürümü, metr;
Viş - işçi hərəkət sürəti, km/saat;
Tiş - təmiz iş saatıdır, saat.
Düsturdakı 0,1 kəmiyyəti sürət km/saatla, maşının en götürümü metrlə ölçüldüyündən yaranan əmsaldır.
3.4.3. Aqreqatın məhsuldarlığının artırılması yolları
Unutmayın! Aqreqatın iki növbəli işi, işin yerinə yetirilmə müddətini azaldır və maşının məhsuldarlığını yüksəldir və özünü ödəmə müddətini artırır.
Yəni, aqreqatın gündəlik məhsuldarlığını artırmaq üçün ilk növbədə iş gününün uzunluğunu artırmaq olar.
Aqreqatın hərəkət sürətini və işçi en götürümünü artırmaq onun gündəlik məhsuldarlığını artıra bilər.
Aqreqatın en götürümü zavodun müəyyən etdiyi və qoyduğu göstərici olduğu üçün istifadəçi tərəfindən dəyişdirilə bilməz.
Amma aqreqatın hərəkət sürətini aqrotexniki tələblərin yol verdiyi hədd daxilində, intervalda artırmaq mümkündür.
Ən vacibi isə növbə vaxtından səmərəli istifadə edilməsidir. Belə ki, boş gedişlərin sayını azaltmaqla, sahələr arası keçid vaxtlarını azaltmaqla, texniki xidmətə və texnoloji xidmətə, hazırlıq yekun vaxtlarını azaltmaqla vaxtdan istifadə əmsalını artırmaq olar. Bu zaman təmiz işə sərf olunan vaxt artacaq və bununla da vaxtdan istifadə əmsalı artacaqdır. Bu isə növbə ərzində aqreqatın məhsuldarlığının yüksəldilməsinə imkan verəcəkdir.
3.5. Pambıqyığan kombayndan istifadə
Pambıqyığan kombaynlardan istifadə edərkən təlimatlanmaq zəruridir.
Kombaynın quruluşunu dərindən öyrənmək və istismar qaydaları ilə yaxından tanış olmaq lazımdır.
Hər bir aqroservis mütəxəssis bilməlidir ki, quruluşunu və istismar qaydasını bilmədiyi texnikanın sükanı arxasında oturmaq ciddi təhlükələr törədə bilər. Odur ki, burada pambıqyığan kombaynların bəzi xüsusiyyətləri ilə tanış olmaq məqsədə uyğun hesab edilir.