3.3.3. Şitil əkini əməliyyatı zamanı köməkçi işçilərin təhlükəsizliyi
Köməkçi işçilər aqreqatda ayrılmış oturacaqlarda oturmaqla şitiləkən maşının aparatlarına şitil qoymaqla məşğuldur. Eyni zamanda aqreqatın arxasınca iki nəfər təmirçi və maşına ehtiyat şitil verən işçi gedir. Köməkçi işçilərin işi aqreqatla əlaqəli olduğu üçün sürücü aqreqat işləyə - işləyə onların təhlükəsizliyini gözləməlidir (Şəkil 3.25).
3.4. Ayrı - ayrı maşınların güc və məhsuldarlıq həddi
Hər bir texnikanın, aqreqatın en götürümündən, mühərrikinin gücündən asılı olaraq müəyyən güc və məhsuldarlıq göstəriciləri vardır. Özüyeriyən kombaynların en götürümü, traktorla aqreqatlaşdırılan maşınların en götürümü istismar təlimat kitabçalarında göstərilir.
Bu məlumatlar əsasında onların məhsuldarlığını müəyyən etmək olar. Məhsuldarlıq texnikanın gücünün imkan verdiyi hərəkət sürətindən və işi icra edən işçi orqanın texniki imkanlarından asılıdır. Məhsuldarlıq nə qədər yüksək olarsa texnikanın iş vahidinə düşən istismar xərcləri azalar və nəticədə becərilən bitkinin maya dəyəri aşağı düşür. Odur ki, hər bir mütəxəssis konkret halda texnikanın məhsuldarlığının hesablanmasını bacarmalıdır.
3.4.1. Aqreqatların məhsuldarlığı
Hər bir texnikanın vaxt vahidi ərzində yerinə yetirdiyi işin həcmi onun məhsuldarlığı adlanır.
Məhsuldarlıq aqreqatın en götürümündən, sürətindən və vaxtdan asılıdır.
Vaxt vahidi olaraq saat, növbə, gün, sutka, mövsüm və il qəbul edilir. Aqreqatın bu vaxtlara uyğun gələn məhsuldarlığı saatlıq, növbəlik, gündəlik məhsuldarlığı, mövsümlük və illik iş həcmi adlanır.
Məhsuldarlıq eyni zamanda traktorun, kombaynın gücündən asılıdır, gücü çox olan texnikanın məhsuldarlığı da çox olur. Güc çox olduqda texnikanın işçi sürəti yüksək olur.
İşin həcmi hektarla, tonla, kub metrlə ölçülür. Məhsuldarlıq ha/saat, t/saat, ha/növbə və s. ölçülür.
Saatlıq məhsuldarlıq = en götürümü * işçi sürət * 1 saat, ha/saat