2. Yeni maşın, texnika və aqreqatın istifadəyə hazırlanması
Bu təlim elementində yeni maşın, texnika və aqreqatların istifadə üçün hazırlanması bölümündə ilk əvvəl yoxlama nəzarət işlərinin yerinə yetirilməsinin vacibliyi qeyd edilir.”Class Axion 820” tipli traktorlardan və digər maşınlardan istifadədən öncə su, yağ və havanın səviyyəsinə nəzarət edilməsi qeyd edilir. Burada mühərrikin soyuducu mayesinin səviyyəsinin saxlanılması da qeyd edilir. Eyni zamanda aqreqatın hidravlik sisteminə nəzarət edilməsinin vacibliyi, maşınların kabinələrinin havalandırılmasının şərtləri və zəruriliyi, starterin, generatorun və akumulyatorun işlək vəziyyətdə olması göstərilir. Aqreqatın hərəkət hissəsi və dönmə mexanizminin nizamlanması qeyd edilir. Kombaynların istifadə məqsədi ilə işə hazırlanması haqqında məlumat verilir.
2.1. Aqreqatdan istifadədən öncə yoxlama nəzarət işlərinin yerinə yetirilməsi
Bu alt başlıqda yeni texnikadan istifadə etməzdən əvvəl onun hazırlanması haqqında məlumat verilir. Texnika və aqreqat istifadə edilməzdən əvvəl yağın, suyun və havanın səviyyəsinin normallığının yoxlanılması vacibdir. Mühərrikdə soyuducu mayenin minimum və maksimum səviyyəsinin gözlənilməsi vurğulanır. Yağın təzyiqi və mayenin temperaturu yoxlanılmalıdır.
2.1.1. Yeni texnikanı istifadə etməzdən əvvəl yoxlama nəzarət işləri
Diqqət! Yeni texnikadan istifadə etməzdən əvvəl yoxlama nəzarət işləri yerinə yetirilir.
Traktordan istifadə etməzdən əvvəl mühərrikdə su, yağ və havanın səviyyəsinə nəzarət edilir (Şəkil 2.1).
Bunun üçün mühərrikdə yağın səviyyəsini ölçmək üçün mili silin və yenidən yerinə qoyub çıxarın və yağın səviyyəsi haqqında məlumat əldə edin.
Radiatorda soyuducu mayenin səviyyəsini yoxlayın.
Unutmayın! Mühərrikdə yağın, suyun və havanın səviyyəsinin normal olmaması onun iş ömrünü qısaldır və tez sıradan çıxmasına səbəb olur.