1.2. Yeni maşın, texnika və ya avadanlıqlardan istifadə üçün təlimatlanma
Bu alt başlıqda yeni maşın, texnika və ya aqreqatlardan istifadə üçün işçilərin təlimatlandırılmasının vacibliyi qeyd edilir. Təlimatların harada, kim tərəfindən və necə aparılması şərtləri göstərilir.
Məlumdur ki, eyni adlı texnika müxtəlif ölkələrdə və fərqli firmalar tərəfindən istehsal edilir. Hər bir firmanın istehsal etdiyi texnikanın istifadəsi üçün öz təlimatı olur, texnikadan istifadə dedikdə ondan təyinatı üzrə istifadə edilməsi, hərəkətə gətirilməsi və əməliyyatı yerinə yetirilməsi üçün traktorla aqreqatlaşdırılması, işçi orqanların işə hazırlanması və nizamlanması, təhlükəsizlik tədbirləri daxildir.
Təlimat keçirilərkən bu məsələlər ətraflı öyrənilir və təcrübi məşğələlərdə möhkəmləndirilir.
1.2.1. Mühərrikə baxışın keçirilməsi
Yadda saxlayın! Aqreqatla işə başlamazdan əvvəl mühərrikdə yanacaq, yağ, su və s. axmasının olmamasına əmin olmaq lazımdır (Şəkil 1.7).
Yanacaq, yağ və su axıdan aqreqatla işləmək qadağandır.
1.2.2. İstifadəçinin təlimatlanması
Diqqət! Maşın, texnika və aqreqatdan istifadə etməmişdən əvvəl təlimatlanma bütün baş verə biləcək bədbəxt hadisələrdən qorunmanı təmin edir (Şəkil 1.8).
Unutmayın! Bədbəxt hadisə insan ömrünə son qoya bilər.