GİRİŞ
Hörmətli oxucu!
Azərbaycanda aqrar sahə geniş struktura malikdir. Məlumdur ki, kənd təsərrüfatının əsasını torpaq, bitki, günəş enerjisi, su və hava ilə yanaşı istehsalın mexanikləşdirilməsi təşkil edir. Odur ki, kənd təsərrüfatı məhsullarının istehsalında tətbiq edilən yeni maşın, texnika və ya avadanlıqlardan istifadənin dərindən mənimsənilməsi zəruridir. Təqdim edilən dərslik respublikamızın aqrar sahəsində istifadə edilən ən müasir kənd təsərrüfatı texnikalarının, o cümlədən traktorların, kombaynların və digər kənd təsərrüfatı maşınlarının istifadə xüsusiyyətlərini ehtiva edir. Kənd təsərrüfatı texnikasından istıfadə etməklə bitkilərin becərilmə texnologiyasına aid olan əməliyyatların yerinə yetirilməsi mümkündür. Bu baxımdan müxtəlif növ kənd təsərrüfatı texnikasından istifadənin ayrı - ayrı məsələlərinə həsr edilmiş dərslik çox əhəmiyyətlidir.
Dərslikdə kənd təsərrüfatında əsas enerji mənbəyi hesab edilən traktorlardan, müxtəlif becərmə texnikasından, kənd təsərrüfatı məhsullarının yığılmasında istifadə edilən maşınlardan istifadə qaydaları geniş şərh edilmişdir.
Kənd təsərrüfatı texnikasının istifadəsindən öncə yoxlama - nəzarət tədbirləri, aqreqatın istismara yararlılığının yoxlanması, istifadə zamanı təhlükəsizlik tədbirləri, magistrallarda hərəkət qaydaları, texnikadan istifadə etdikdən sonra saxlanması kimi vacib məsələlər şərh edilir.
Dərslikdə respublikanın kənd təsərrüfatında son illərdə formalaşmış aqroservis xidməti sahələrinə aid həm nəzəri, həm də təcrübi məlumatlar verilir. Bu dərsliyin ilk peşə - ixtisas təhsili müəssisələrində dərslik kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.