a) düz başlıqlı;
b) gizli başlıqlı;
c) yarım gizli başlıqlı;
d) konusvarı başlıqlı
Birləşmə zamanı yarımgizli başlıq üçün yer olmaya bilər. Bundan əlavə, yarımgizli başlıqdan istifadə səmərəsiz hesab edilə bilər. Bu zaman gizli və konusvarı başlıqlı pərçimlər tətbiq olunur. Pərçimlər poladdan, misdən, alüminiumdan hazırlanır. Çox az hallarda pərçim və bərkidilən hissələr eyni materialdan olur. Birləşməni asanlaşdırmaq üçün pərçimin diametri deşiyin diametrindən kiçik olur. Pərçim kimi istifadə olunan milin ucu isə bir qədər konus şəklində hazırlanır. Pərçimin uzunluğu pərçimlənəcək hissələrin qalınlıqları cəmindən artıq olur. Bu, ikinci qapayıcı başlığın yaradılması üçün nəzərdə tutulur. Bu ölçü x kəmiyyəti qədər çox olmalıdır.
Nəzərdə tutulan ölçü x = (1,5-1,7) d götürülür. Burada d pərçimin diametridir.
Pərçimləmə aparılmazdan əvvəl birləşdiriləcək hissələr üzərində deşiklər açılır. Bunun üçün açılacaq deşiklərin mərkəzləri nişanlanır. Sonra çəkiclə vurularaq, yaxud dreldən istifadə etməklə deşik açılır. Deşiklərin hər iki hissədə uyğunluğu təmin edilməlidir.
Pərçimlərdən soyuq və qızdırılmış halda istifadə olunur. Soyuq halda pərçimləmədən az hallarda istifadə olunur. Diametri 12 millimetrdən çox olan pərçimlərdə soyuq halda pərçimləmə tətbiq olunur. Maşınqayırmada istifadə olunan pərçimlərin ancaq ucu qızdırılır. Çünki bu halda deşiklə pərçim arasında ara boşluğu olmur. Bu da birləşmənin keyfiyyətini artırır. Pərçimləmə zamanı qızdırılmış pərçim birləşdiriləcək hissələrdə açılmış deşiyə qoyulur. Sonra başlıq olan tərəfə üstündə başlığın forması olan dayaq qoyulur. Dayağın o biri tərəfi zindana söykənir. Pərçimin başlıq olmayan, yəni kənara çıxan tərəfindən çəkiclə zərbələr endirilir (Şəkil 2.50). Zərbələr nəticəsində pərçimin mili bütün deşiyi tutur və ikinci qapayıcı başlıq yaranır.