Silisium - karbid (karborund) - əsasən, iki növü var:
Bəzi ərintilərdən hazırlanmış hissələrin cilalanmasında yaşıl karborunddan istifadə olunur. Kəski alətlərinin itilənməsi və dəqiq emal edilməsində də yaşıl karborund tətbiq olunur.
Bərkliyi aşağı olan ərintilərdən hazırlanmış hissələrin cilalanması qara karborundla aparılır. Bununla yanaşı, çuqun, mis, alüminium ərintilərindən və yumşaq tunc, bürüncdən hazırlanmış hissələrin emalı da qara karborundla həyata keçirilir. Gön və ağac kimi qeyri-metalların cilalanmasında da bu növ karborunddan istifadə olunur.
Bor-karbid - kövrək maddədir. Alınması baha başa gəlir. Bərk materialdan hazırlanan hissələrin cilalanmasında istifadə olunur. Emal prosesi zamanı bu materialdan almazın əvəzedicisi kimi istifadə olunur (Şəkil 2.15).
Təbii almaz - A8 markasından, əsasən, deşmə aləti kimi istifadə olunur. A5 markalı təbii almazda abraziv dənələr metalla əlaqələndirilir. Bu markadan diskşəkilli mişarın cilalanmasında istifadə olunur. A3 markalı abraziv alətdə də metal əlaqələndiricidən istifadə olunur. A1 və A2 markaları şüşənin, keramikanın və betonun cilalanmasında tətbiq edilir. AM markasından möhkəmləndirilmiş poladdan hazırlanan hissənin və şüşənin pardaqlanmasında istifadə olunur. AM5 markalı almaz yüksək səviyyədə əlavə pardaqlama üçün nəzərdə tutulur (Şəkil 2.16).