Pəstahı nişanladıqda çertyojdan və ya nümunədən onun səthi üzərinə cızıq adlanan xətlər köçürülür. Bu zaman hazır məmulatın ölçüləri dəqiq olaraq nəzərə alınmalıdır. Pəstahın səthinə köçürülmüş xətlərə kərtik deyilir. Pəstahlara nişan kərtikləri nə qədər səliqəli köçürülsə və bu kərtiklər nə qədər incə olsa nişanlama dəqiqliyi yüksək olur. Nişanlamada 0,2-0,5 millimetr həddində xətaya yol verilə bilər.
Nişanlama ən məsul əməliyyatlardan biridir, çünki detalın sonrakı emalı və ya hazırlanma dəqiqliyi nişanlamanın yerinə yetirilməsinin keyfiyyətindən asılıdır.
Aqroservislərdə təmir vaxtı ən çox istifadə olunan nişanlama növü maşınqayırma nişanlamasıdır. Maşınqayırma nişanlaması pəstahın və detalların formasından asılı olaraq müstəvi nişanlamasına və fəza (həcm) nişanlamalarına bölünür.
Müstəvi nişanlamasında detalın konturları pəstahın ancaq bir müstəvisində qeyd edilir.
Müstəvi nişanlamasından təbəqələrin, pəstahların və ya detalların yastı səthində həndəsi qurmalar üçün istifadə edirlər.
Fəza nişanlamasında detalın konturlarının bir-birinə nisbətən müxtəlif bucaq altında yerləşmiş və fəzada bir-biri ilə müəyyən vəziyyətdə əlaqələndirilmiş pəstahın səthlərində qeyd edilir. Fəza nişanlamasının çətinliyi ondadır ki, bu halda çilingər müxtəlif müstəvilərdə və birbirinə nisbətən bucaq altında yerləşən detalın ayrı-ayrı səthlərini nəinki nişanlayır, həm də bu səthlərin nişanlanmasını bir-biri ilə əlaqələnirir.
Əsas nişanlama üsulları:
Nişanlamanı bir neçə üsul ilə aparılır:
Çertyoj üzrə nişanlama ən geniş yayılmış üsuldur. Çertyoj 1:1 miqyasında çəkilmiş olduqda, belə detalın ölçülərini çertyojdan pəstaha köçürməyə icazə verilmir. Çertyojda göstərimiş rəqəm ölçülərindən istifadə etmək, həm də bu ölçüləri ölçmə və nişanlama alətləri ilə köçürmək lazımdır. Detal və ya pəstahda birinci növbədə bazanın vəziyyətini müəyyənləşdirən əsas (mərkəz) xətlər nişanlanır. Sonra baza kimi digər xətt və nöqtələrin vəziyyətini müəyyən etməyə imkan verən xətti, səthi, nöqtəni qəbul etmək olar. Bundan sonra üfüqi və şaquli xətləri çəkir, daha sonra isə çevrəni, qövsləri və maili xətlər çızılır.