1.9.1.5. Dişölçən (ştangenzubamer)
Dişölçənlərdən dişli çarxların hündürlüyünü və enini ölçmək üçün istifadə olunur. Dişölçənlər birbirinə perpendikulyar yerləşdirilmiş iki ştangenpərgardan ibarətdir (Şəkil 1.31). Ölçü aparılarkən dişin hündürlüyü şaquli, eni isə üfüqi yerləşdirilmiş ştangenpərgarla ölçülür. Dişölçənlərin dəqiqlik dərəcəsi 0,02 millimetrdir. İşləmə prinsipi ştangenpərgarda olduğu kimidir.
1.9.1.6. İndikatorlar
İndikator ən dəqiq ölçü cihazıdır. Ən çox hissələrdə ovallığı, konusluğu ölçmək və əyrilik dərəcəsini təyin etmək üçün istifadə olunur. Bununla yanaşı, paralelliyi, perpendikulyarlığı və s. yoxlamaq üçün də indikatorlardan istifadə olunur. İndikatorların dəqiqlik dərəcəsi 0,01 millimetr olmaqla saat tiplidir. Onun sferblatı (göstəricisi) 100 bərabər yerə bölünmüşdür. Bölünmüş hər bir hissə 0,01 millimetrə bərabərdir. Bununla da indikatorun böyük əqrəbinin bir tam dövrü 1 millimetrə bərabər olur. İndikatorda böyük əqrəbdən başqa, sferblatın üzərində kiçik əqrəbdə yerləşir. Kiçik əqrəb böyük əqrəbin neçə dəfə fırlanmasını və ya millimetrlərin cəmini göstərir. İndikatorlar 0,5 millimetrdən 250 millimetrə qədər ölçə bilirlər (Şəkil 1.32).
Hissələri xaricdən ölçmək lazım gəldikdə indikator xüsusi dayaqlara bərkidilir. Daxildən ölçmək lazım gəldikdə isə xüsusi dəstəklərə qondarılır. Silindrlərin daxili diametrləri ölçülür. Bu zaman dəstəklərin müxtəlif uzunluqlu metal çubuqlarından istifadə olunur. Metal çubuqlar silindrlərin diametrindən asılı olaraq seçilir. Ölçmə aparmaq üçün diametrə uyğun gələn çubuq dəstəyin aşağı ucuna bərkidilir. Dəstək silindrin daxilinə salınır. Dəstəyin aşağı ucunun uzunluğu silindrə salınmamışdan əvvəl yoxlanılır. Yoxlamaq üçün mikrometrdən istifadə olunur. Ölçmə zamanı mikrometrin göstəricisindən indikatorun göstəricisi çıxılır. Alınan qiymət silindrin ölçülən yerindən diametrini göstərir.