Əvvəldən qeyd etdiyimiz kimi ştangenpərgarın dəqiqlik dərəcəsi 0,1; 0,05; 0,02 millimetr olur. Dəqiqlik dərəcəsinə vurulmadan alınan qiymətlə xətkeşin göstərdiyi tam millimetrlər toplanır. Bununla da ölçü qiyməti tapılır. Dəqiqlik dərəcəsi ştangenpərgarın üzərinə yazılır.
Ştangenpərgarlar həm xarici, həm də daxili ölçüləri təyin etmək üçün istifadə olunur. Hissələri daxildən ölçmək üçün onların tutucularına (dodaqlarına) xüsusi ucluqlar hazırlanır (Şəkil 1.28). Ölçmə aparan zaman bu ucluqların qalınlığı nəzərə alınmalıdır.
1.9.1.3. Şup (ara ölçən)
Şup (ara ölçən) müəyyən ölçülərə malik bir neçə nazik polad lövhələr yığımından ibarətdir (Şəkil 1.29). Hər bir lövhənin üzərində onun qalınlıq ölçüsü yazılmışdır. Təmir və nizamlama işləri aparılan zaman araboşluğunun ölçülməsində şuplardan (ara ölçəndən) istifadə olunur. Ölçmə zamanı istifadə olunan lövhələrin üzəri təmiz olmalıdır. Ölçmə işləri başa çatandan sonra şup (ara ölçən) benzinlə yuyulub qurudulmalıdır.
1.9.1.4. Yivölçənlər
Yivölçənlər də şup (ara ölçən) kimi bir neçə nazik polad lövhələrdən ibarətdir. Həmin lövhələrlə yivin addımı (yivlərarası məsafə) ölçülür (Şəkil 1.30). Lövhələrin hər birinin üzərində yivlərin standart profillərinə uyğun gələn ölçü (daraqlar) vardır. Həmin ölçü lövhələri (daraqları) üzərində yivlərin addımı və sayı yazılır. Yivölçənin gövdəsi üzərində 600 rəqəmi yazılmışdırsa, bu metriki yivlərin ölçülməsi üçün nəzərdə tutulur. Əgər 550 yazılmışdırsa, düyüm yivlərin ölçülməsinə aid olduğunu göstərir.