Deməli, hər 9 millimetr məsafə 10 bərabər məsafəyə bölünmüşdür. Xətkeşin üzərindəki bölgülərlə noniusun üzərindəki bölgülər arasında fərq vardır. Bu fərq 1,0 - 0,9 = 0,1 millimetrdir. 0,1 millimetr ştangenpərgarın dəqiqlik dərəcəsidir.
Ştangenpərgarlar noniusların üzərindəki bölgülərin miqyasından asılı olaraq müxtəlif dəqiqlikdə hazırlanır. Dəqiqliyinə görə ştangenpərgarlar 0,1; 0,05; 0,02 millimetr ölçü dəqiqliyində buraxılır.
Dəqiqliyi 0,02 millimetr olan ştangenpərgarların noniusunun bölgüləri 0,48 millimetr olur. Xətkeşin bölgüləri isə 0,5 millimetrə bərabərdir.
Ştangenpərgarın çərçivəsi üzərinə möhkəm mikrometrik vint bərkidilmişdir. Vintin üzərində isə mikrometrik qayka və istiqamətverici xamut yerləşdirilmişdir. Bütün bu hissələr ölçmə zamanı dəqiqliyin əldə olunmasına köməklik edir. Ölçmə yerinə yetirilən zaman xamut və çərçivənin hərəkəti sıxıcı vintlərlə məhdudlaşdırılır (Şəkil 1.27).
Ştangenpərgarla hissənin qalınlığının ölçülməsi bu ardıcıllıqla yerinə yetirilir. Hissə ştangensirkulun tutucuları (dodaqları) arasında sıxılır. Sıxılma yüngül qüvvə ilə olmalıdır. Ölçmə aparıldıqdan sonra ştangensirkul hissədən ayrılır. Hissədən ayrılmamışdan əvvəl çərçivə xətkeş üzərində sürüşməsin deyə çərçivə və xamut üzərindəki vint ilə xətkeşə möhkəm sıxılır. Çərçivə və xamut xətkeşə sıxılmasa, sürüşmə nəticəsində ölçü dəyişə bilər. Vintlə sıxılmadan sonra ştangensirkul hissə üzərindən götürülür. Ölçü qiyməti hesablanır. Hesabat aparıldıqda noniusun bölgülərindəki “0”-a yaxın olan xətkeşin üzərindəki bölgü xətlərindən birinə qədər olan bölgülərin tam millimetrləri göstərir.
Noniusun digər bölgü xətti xətkeşin başqa bölgü xətti üzərinə düşür. Xətkeşin həmin xəttindən noniusun xəttinə qədər olan bölgülər millimetrləri kəsrlə ifadə edir. Ölçü qiymətini almaq üçün kəsrlə olan millimetrlər ştangenpərgarın dəqiqlik dərəcəsinə vurulur.