Göründüyü kimi giliz üzərində göstərici 89,5 millimetrə bərabərdir. Baraban üzərində isə gilizin ölçü xətti 48-ci bölgü ilə görüşür. 48-ci bölgü 0,48 millimetri ifadə edir. Onda hissənin ölçü qiyməti 89,5 + 0,48 = 89,98 millimetrə bərabər olacaq (Şəkil 1.24).
Mikrometrlərdə mikrometrik vintin yivli hissəsinin uzunluğu 25 millimetrə qədər götürülür. Vintin uzunluğunun artırılması ölçmənin dəqiqliyini azalda bilər. Buna görə də mikrometrlər ölçü məsafələrindən asılı olaraq aşağıdakı ölçü hüdudlarında buraxılır (Şəkil 1.25).
Ölçmə aparılmamışdan əvvəl mikrometrlər etalon ilə yoxlanılır. Yoxlama zamanı barabanın üzərindəki “0” xətti giliz üzərindəki miqyas xəttinin başlanğıc göstəricisi ilə üst-üstə düşməlidir. Yəni mikrometrlərin ölçü hüdudlarından asılı olaraq gilizin üzərindəki 0; 25; 50; 75 və s. Pozulmalar olduğu halda mikrometr nizamlanır. Nizamlanmadıqda isə ölçünü hesablayan zaman həmin fərq alınan qiymətdən çıxılmalıdır.
Ölçmə aparan zaman mikrometrik vintin hissəyə sıxılma qüvvəsi yalnız xəbərdaredicinin hərəkəti ilə müəyyən olunur. İşçi yerində ölçmə aparılan zaman istiliyin 15-25 dərəcə selsi olması nəzərə alınmalıdır.
1.9.1.2. Ştangenpərgar
Ştangenpərgar tutucu (dodaqlı) başlığı olan xətkeşdən və onun üzərində hərəkət edən tutucu (dodaqlı) çərçivədən ibarətdir (Şəkil 1.26). Ölçmə dəqiqliyini artırmaq üçün çərçivənin üzərində kiçik bölgülər yerləşir. Buna nonius deyilir. Çərçivənin tutucusu xətkeşin tutucu başlığına yaxınlaşdırıldıqda bir-birinin üzərinə yaxşı oturdulmalıdır. Bir-birinin üzərinə oturdulduqdan sonra onlar arasından işıq gəlməməlidir. Bu zaman noniusun üzərindəki “0” xətti xətkeşin üzərindəki “0” xətti ilə üst-üstə düşməlidir. Xətkeş üzərindəki bölgülərin miqyası nonius üzərindəki bölgülərin miqyasından fərqlidir. Xətkeşin üzərindəki bölgülər 1,0 millimetr-dirsə, onda noniusun üzərindəki bölgülər 0,9 millimetr-ə bərabərdir.