Gavahın, adətən, L-65 (Л-65), yaxud L-53 (Л- 53) markalı poladdan hazırlanır. Möhkəmliyi 60 HRC olana qədər termiki emal edilir. Gavahınlarda ən çox yeyilmə onun eni və uzununa istiqamətlərdə olur. Gavahının yeyilməyə yoxlanılması mikrometrlə aparılı (Şəkil 1.21). Yeyilmə az olduqda gavahının ölçüləri qızdırılıb döyülməklə bərpa edilir. Torpağı kəsən tiyə hissəsi yeyələnərək düzəldilir. Bundan sonra tablandırılır. Təmir zamanı birinci uzadılmaya qədər gavahının eni 108 millimetrdən çox yeyilməməlidir. Gavahın təmir edildikdən sonra onun ölçüləri təyin olunur. Bu zaman xüsusi ölçü şablonlarından (etalonundan) istifadə olunur. Torpağı kəsən tiyə hissəsinin qalınlığı 1 millimetrdən az olmamaqla işçi tərəfdən itilənir. İtiləmə zamanı faskanın eni 57 millimetr, itiləmə bucağının isə 25-40 dərəcə selsi olması nəzərə alınmalıdır.
Yeyilmə çox olduqda təmir müxtəlif üsullarla aparılır. Gavahının eni yeyilmə 108 millimetr - dən çox olduqda qızdırılaraq döyülüb uzadılır. Döyülərək uzatma zamanı gavahının ağız hissəsi əvvəlcə 500-6000C-ə qədər qızdırılır. Sonra isə temperatur artırılaraq sürətlə 900-12000C-ə qədər qızdırılır. Belə qızdırılma zamanı səthin rəngi sarı və ya açıq-sarı olmalıdır. Təmir zamanı gavahını həddindən artıq qızdırmaq olmaz. Uzadılmaqla təmir zamanı gavahının səthi hamar olmalıdır. Çatın olmamasına xüsusi fikir verilməlidir. Gavahın təmir edildikdən sonra arxa hissəsindən 2 millimetr, ağız hissəsindən isə 4 millimetr əyilmə olmasına yol verilir.
Diqqət! Ölçü şablonu (etalonu) ilə yoxladıqda gavahının eninin 5 millimetr, uzunluğunun isə 10 millimetrdən çox kənarlaşmasına yol vermək olmaz. Sonda gavahın itilənir. İtilənmə üz tərəfdən aparılmalıdır. Sonra gavahın qızdırılaraq bütün uzunluğu boyu 25-30 millimetr enində möhkəmləndirilir.
Gavahınların yeyilməyə qarşı möhkəmliyini artırmaq üçün tablandırırlar. Tablandırma aparmaq üçün gavahın 920 dərəcə selsiyə qədər qızdırılır. Sonra isə tempraturu 30-40 dərəcə selsi olan duzlu suya salınır. 3-4 saniyə duzlu suda saxlanıldıqdan sonra 350 dərəcə selsiyə qədər soyudulur. Sonra açıq havada tamamilə soyudulması yerinə yetirilir.
Gavahının işçi səthinin bərkliyi yeyə ilə yoxlanılır. Ümumiyyətlə, gavahının eninin 1/3 hissəsi tablandırılır.
Gavahın torpağı alt hissədən yaxşı kəsilmənin və yeyilmənin az olması üçün keyfiyyətli poladdan hazırlanmalıdır. Yeyilməyə qarşı davamlılığı artırmaq üçün gavahınlar özü itilənən olur. Buna görə gavahınların arxa tərəfi möhkəm xəlitədən hazırlanır. Sonra 25-30 millimetr enində döyülərək çökəldilir. Beləliklə, möhkəm bərkliyə malik yaradılan qat az yeyilir. Üst səthi isə nisbətən tez yeyilir. Belə gavahınlar öz-özünə itilənən olur.