Yağ süzgəcləri yağın çöküntüləri ilə çirklənmiş ola bilər. Süzgəcin səthi qətranlaşdıqda yağ buraxması azalır. Süzgəcin təmizlənməsi üçün SPF-2M(СПФ-2 M) markalı stenddən istifadə olunur. Stenddə süzgəc 5-6 kiloqram/ kvadrat santimetr təzyiq altında dizel yanacağı püskürdülməklə yuyulur.
Süzgəcin lentləri yoxlanılır. Qopma və deşilmə olduqda lehimlənərək təmir edilir. Qapaqda əyilmə olduqda taxta və ya mis çəkiclə döyəcləyərək düzəldilir. Süzgəc klapanları düzgün nizamlanmalıdır. Nizamlama yağlama sisteminin normal işləməsinə böyük təsir göstərir. Nizamlama mühərrikin markasına uyğun texniki şərtlə nəzərdə tutulan təzyiqə görə aparılır. Klapanların nizamlanması üçün nizamlayıcı vint sağa - sola burulur. Bununla yanaşı, klapanların tıxacı altındakı nizamlayıcı şaybaların miqdarını dəyişməklə də nizamlama aparmaq olar. Ayrı-ayrı süzgəc klapanları üçün təzyiqin qiyməti müxtəlifdir.
1.6. Qida sisteminə daxil olan hissələrin təmiri
Qida sistemində nasazlığın olması mühərrikin normal işləməsinə mənfi təsir göstərir. Qida sisteminə daxil olan hissələr yüksək dəqiqliklə hazırlanır. Odur ki, onların təmiri ixtisaslaşmış təmir müəssisələrində aparılır.
1.6.1. Yüksək təzyiqli yanacaq nasosunun təmiri
Yüksək təzyiqli yanacaq nasoslarında aşağıdakı nasazlıqlar ola bilər:
Ümumiyyətlə, təmirə gətirilmiş nasos sökülür. Giliz - plunjer cütü, əks klapan və onun yuvası ehtiyatla yuyulur. Sonra qurudularaq gözlə yoxlanılır. Həmin hissələrin üzərində tutqun səthlərin olması həmin səthlərin yeyildiyini göstərir.
Yoxlanılan səthlərin cırılma və paslanması olduqda çıxdaş edilir. Bununla yanaşı, nasoslarda aşağıdakı nasazlıqlar da ola bilər:
Gövdədə yataq yuvasının və itələyicilərin yuvasının yeyilməsi yoxlanılır. Yoxlamaq üçün dəstləşdirilmiş (ixtisaslaşdırılmış) daxili ölçən kalibrlərdən istifadə olunur. Gövdədə yataq yuvası yeyilmiş olduqda çıxdaş edilir. İtələyicinin altındakı pazlar və hamar deşikləri oymaq qoyulmaqla təmir edilir. Gövdədə çatın olması gözlə baxılaraq müəyyən olunur.
Gövdədəki boz çuqun çatlar elektrik qaynağı və epoksid yapışqanından istifadə etməklə təmir edilir. Sınıqlar və çatlar yamaq qoymaqla tutulur. Nasosun gövdəsi alüminiumdan olduqda həmin materialdan olan çubuqla qaz qaynağı aparmaqla təmir olunur.