1.3.5. Ştanqaların (qolların) təmiri
Ştanqalar əyilə və ucluqları yeyilə bilər. Ştanqalar əyildikdə mikrometrik reysmusla yoxlanılır. Ucluqları yeyildikdə isə mikrometrlərlə yoxlanılır.
Əyilmiş ştanqalar soyuq halda düzəldilir. Yeyildikdə isə döyülüb genəldilir. Qaynaqla təmir edilib sonra mexaniki emal edilir.
1.3.6. Silindrlərin blok başlığının təmiri
Silindrlərin blok başlığı boz çuqundan hazırlanır. Blok başlığında aşağıdakı nasazlıqlar ola bilər:
Soyuducu maye köynəyində çatın olması yoxlanılır. Bu yoxlama blokda olduğu kimi aparılır. Yüksək təzyiq altında (6-8 mPa ) köpüklü su vurulur. Köpüyün çıxması ilə çat hissələr təyin olunur. Soyuducu maye köynəyində çat yol verilən hüduddan çox olduqda çıxdaş olunur.
Klapan yuvasının və bu yuvaların arakəsmələrinin çatlaması yoxlanılır. Yuva və arakəsmələrdə çat olduqda blok başlığı çıxdaş edilir. Bəzi hallarda çatlar qaz qaynağı ilə bərpa edilir. Qaynaq üçün blok başlığı 600-700 dərəcə selsiyə qədər qədər qızdırılır. Klapan yuvalarının yeyilməsi yoxlanılır. Yoxlama zamanı klapan yerinə taxılır. Sonra gilizə yanacaq doldurulub mühərrik çevrilir. 2 saat müddətində gözlənilir. Yanacaq axarsa, yeyilmə vardır. Yeyilmə olduqda yuva rayberlənərək cilalanır. Sonra klapan öz yuvasına oturdulur.
Klapan yuvalarının yeyilməsi daxili ölçən indikatorla (nutramerlə) yoxlanılır. Klapan yuvalarında yeyilmə az ola bilər. Onda klapan və yuva birlikdə sürtülərək təmir edilir. Yeyilmə çox olduqda isə əvvəlcə frezlənir. Sonra yenə klapanla birlikdə sürtülərək təmir edilir.
Klapanın yönəldici oymağı yeyildikdə boş oturur. Xüsusi tərtibatla çıxardılaraq yenisi ilə əvəz olunur.
Deşiklərdə olan yivlərin yeyilməsi və zədələnməsi yoxlanılır. Bunun üçün yivölçənlərdən istifadə olunur. Təmir edildikdə yeni yiv açılır. Bəzi hallarda yaylı taxmalar istifadə edilərək bərpa olunur. Başlığın bloka bağlanan səthində olan qabarmalar yoxlanılır. Yoxlamaq üçün metal kalibr xətkeşlərdən istifadə olunur (Şəkil 1.14). Qabarmalar frezləmək və cilalamaqla aradan qaldırılır. Səthin düzxətliliyi yoxlanılır. Bunun üçün xətkeş və şupdan (ara ölçəndən) istifadə olunur. Düzxətlilikdən kənarlaşma müxtəlif mühərriklər üçün 0,05-0,08 millimetrdən çox olmamalıdır.