Blokda yivli deşiklər yeyildikdə və əzildikdə yivölçənlə yoxlanılır. Yivin profilinə uyğun olaraq yivölçənlə yivin addımı ölçülür. Lazım gələrsə, yenidən böyük ölçüdə yiv kəsilir. Bundan əlavə, yivli deşik genəldilərək oraya əks yivli metal tıxac geydirilir. Sonra isə yenidən onun daxilində normal ölçüdə yivli deşik açılır.
Oymaq və yastıq oturan yuvaların yeyilməsini daxili kalibrlə yoxlayırlar.
Yoxladıqdan sonra rayberlənərək (yonularaq) təmir ölçüsünə gətirilir. Yeyilmə çox olduqda yuvalar yonulub genəldilir. Sonra həmin yuvaya daxili diametri normal ölçülü oymaq preslənir. İşin xarakterindən asılı olaraq preslənəcək oymağın materialı çuqundan, bürüncdən və tuncdan ola bilər.
Diqqət! Oymaq və yastıq yuvaları təmir edildikdən sonra onların paralelliyi gözlənilməzdir. Mərkəzlər arasındakı məsafə və paralelliyin dəyişməsi 0,03 millimetr-dən artıq olmamalıdır. Bunu yoxlamaq üçün OPR (ОПР)-4812 və OPR (ОПР)-4811 markalı xüsusi tərtibatdan istifadə olunur.
Blokda gilizoturan səthlərin yeyilməsini təyin etmək üçün daxili ölçən mikrometrdən istifadə olunur (Şəkil 1.10). Yeyilmə olduqda blok çıxdaş edilir.
Giliz yuvaları arasında çatların yaranması blokun yoxlanılması zamanı təyin olunur. Həmin
hissədə çat olarsa, blok çıxdaş edilir.
Əlavə hissələrin bloka bağlandığı səthlərdə qabarma və cızılmalar aradan qaldırılır. Bunun üçün
cilalama, frezləmə və yaxud yonma işləri yerinə yetirilir. Təmirdən sonra səthlərdə qabarma 0,1
millimetrdən artıq olmamalıdır. Səthlərdə qabarmanı yoxlamaq üçün müstəvi şəkilli xüsusi
xətkeşdən və şupdan istifadə olunur.
Şəkil 1.10. Silindrlər blokunun yoxlanması