Blokda bu nasazlıqların yaranmasının əsas səbəblərindən biri ehtiyatsız sökülüb yığılmasıdır. Mühərriki düzgün istismar etmədikdə də həmin nasazlıqlar yarana bilər. Buna soyutma sistemində suyun donması və mühərrikin həddindən çox qızması aiddir. Blokun gövdəsində çatlar paylayıcı valların içlik deşiklərində və yağ kanallarında ola bilər. Bunlar əlçatmaz yerlərdə olur. Belə yerlərdə çat və cızılma olduqda blok çıxdaş hesab olunur. Gövdədə olan çatları müəyyən etmək üçün xüsusi diaqnostika qurğularından istifadə olunur. Blok qurğuya bağlanır. Sonra bloka 7-8 atmosfer təzyiqi altında köpüklü maye vurulur. Köpük yaranan çatlardan kənara çıxır. Çatlar böyük olduqda gözlə görünür. Kiçik olduqda isə köpüyün çıxması ilə müəyyən olunur. Çatlar yerləşmə yerindən və ölçüsündən asılı olaraq təmir edilir. Təmir etmək üçün aşağıdakı üsullardan istifadə olunur:
Qaynaqla təmir həm isti, həm də soyuq halda aparıla bilər. Blok alüminiumdan hazırlanmışdırsa, qaynaq soyuq halda aparılır. Bunun üçün istifadə olunacaq elektrod (əridiləcək məftil) düzgün seçilməlidir. Qaynaq ediləcək səth hazırlanır. Qaynaq isti halda aparıldıqda blok 400-4500C-ə qədər yavaş-yavaş qızdırılmalıdır. A markalı elektroddan istifadə etməklə qaz alovu ilə qaynaq edilir. Qaynaq başa çatdıqdan sonra blok tədricən soyudulur. Soyuq halda qaynaq aparmaq üçün elektrik qövs qaynağından istifadə olunur. Bunun üçün bimetal, monelmetal materialından və karbonlu polod məftillərdən istifadə olunur. Diametri 4 millimetr olan elektroddan istifadə etdikdə cərəyan şiddəti 150-160 A olmalıdır. 5 millimetr elektroddan istifadə etdikdə isə cərəyan şiddəti 180-200 A qəbul edilir.
Blokun gövdəsində kiçik ölçülü deşik açıldıqda və çatlar olduqda yamaq salınmaqla təmir edilə bilər. Yamağın səthə yaxşı sıxılması, yəni kip oturması üçün yumşaq materialdan olmalıdır. Seçilmiş yamaq gövdəyə xüsusi vintlərlə sıxılıb qaynaq edilir. Yamağın gövdəyə yapışdırılması üçün xüsusi yapışqanlardan istifadə olunur. Yapışdırılan təbəqənin səthə kip oturulması üçün müəyyən təzyiqlə sıxılıb sonra qurudulur. Yamaq və epoksit yapışqanı ilə blokdakı çatlar təmir edilməmişdən əvvəl hazırlıq işləri aparılır. Çatın yarandığı yerdən 1-3 millimetr dərinlikdə qanovcuq açılır. Bunun üçün iti uclu iskənədən istifadə olunur. Çatın uzanmaması üçün kənarlarında 4-5 millimetr diametrində deşiklər açılır. Çatlar böyük olduqda deşiklər hər 50-60 millimetrdən bir açılmalıdır. Açılmış deşiklərə yivli tıxaclar salınır. Sonra çatın uzununa hər tərəfdən 20-25 millimetr enində blokun səthi təmizlənir. Təmizləmək üçün sumbata kağızı və yiyədən istifadə olunur. Təmizlənmiş səth spirt və ya digər spirt tərkibli maddə ilə yuyulur.
Epoksit yapışqanı ilə çatların tutulmasında şüşə tozlu tərkibə malik parçadan istifadə olunur. Epoksit yapışqanı şüşə tozlu parçanın üzərinə çəkilir. Sonra həmin parça çatın üzərinə yapışdırılır. Üzərinə epoksit yapışqanı çəkilmiş parça çatın səthini tam tutmalıdır. Bunun üçün üzərindən xüsusi diyircəklə gedərək sıxılır.