Tələb ediciləri doyduran naqillərin izolyasiyası yanaraq binada olan tezalışan əşyaları (pərdəni, süfrəni, məhrəbanı, kağız materiallarını və s.) yandıraraq yanğın əmələ gəlir. Yanğının əmələ gəlməsinə yol verməmək üçün binadan getdikdə elektrik cihazlarını şəbəkədən açmaq lazımdır.
İctimai binalarda elektrik tələb edicilərində yanğın baş verərsə, yanan elektrik xəttini ümumi şəbəkədən dərhal açmaq lazımdır. Sonra vaxt itirmədən yaxında olan adamların köməyi ilə həyəcan qaldırmaq və tədbir görülməsi üçün yanğın söndürmə dairəsinə xəbər vermək lazımdır.
Yanğına səbəb olmuş sahəni şəbəkədən tez açmaq mümkün deyilsə, naqilləri tək-tək kəsmək lazımdır. Yaxud ümumi elektrik şəbəkəsindən elektrik verilməsini dayandırmaq lazımdır. Yanğın gətirən elektrik tələb edici, yaxud ötürücü naqillər şəbəkədən açıldıqdan sonra yanğını istənilən yanğınsöndürmə vasitəsi ilə söndürmək olar.
Yanğın mənbəni qidalandıran elektrik şəbəkəsindən açılmamış ola bilər. Bu zaman yanğını misal üçün quru qumla və ya quru Oy-2, Oy-6, Oy-8 markalı yanğınsöndürücülərlə söndürmək olar (Şəkil 6.49, Şəkil 6.50 və Şəkil 6.51).
Yanğın baş vermiş sahə şəbəkədən açılmayıbsa və gərginlik altındadırsa, yanğını su və ya köpüklü yanğınsöndürücülər ilə söndürülməsinə icazə verilmir. Yanğını söndürərkən nəzərə almaq lazımdır ki, gərginlik altında olan naqillərə və elektrik cihazlarına su düşməsin. Qırılıb döşəməyə düşmüş, yaxud divardan asılmış elektrik naqilləri qidalandırıcı şəbəkədən açılmamış ola bilər. Bu zaman ona mühafizə vasitələri olmadan əllə toxunmaq olmaz.