Elektrik təhlükəsizliyinə olan tələblər - elektrik avadanlığı və cihazları yerlə birləşdirilməlidir. İşə salıcı qurğular (rubilniklər, düyümlər, elektromaqnit işəsalıcılar və s.) rəngləmə və qurutma kamerasından xaricdə qoyulmalıdır.
6 .7.1. Rəngləmə şöbəsi işçilərinin şəxsi təhlükəsizlik tədbirləri
Bütün işçi yerləri yerli ventilyasiya ilə təhciz olunmalıdır. İşçilər həmişə xüsusi geyimdə fərdi mühafizə vasitələrində işləməlidirlər. Pulverizatorla işləyən rəngsazlar nəfəs almaq üçün məcburi hava verilən respiratorla təmin edilir (Şəkil 6.47).
İşçi yeri növbədə bir dəfə nəm üsulla təmizlənməlidir. Aynalar, divarlar və avadanlıq tozdan ayda bir dəfədən az olmayaraq təmizlənməlidir. Döşəmə və divarları həlledici məhlulla yumaq qadağan edilir.
Təsadüfən döşəməyə tökülən rəngləmə materialları və ya həlledicilər dərhal təmizlənməlidir.
Silgi materialları ağzı kip bağlanan metal qaba yığılır. Növbədən sonra xüsusi ayrılmış yerdə yandırılır. İşçi yeri səliqəli saxlanmalıdır. İşçi yerində sutkada işləniləndən artıq yağ, boya maddələri saxlamaq qadağandır.
6.8. Dülgər işləri
Taxta emalı zamanı ən çox təhlükəni yüksək sürətlə fırlanan alət kəsb edir. Bu xüsusi ilə, mexanikləşdirilmiş üsulla yerinə yetirildikdə yaranır. İşçinin təhlükəsizliyini təmin etmək üçün uyğun qoruyucu örtük quraşdırılır.
Dəzgahlarda örtüksüz işləmək qadağan edilir. Zədələnməyə yol verməmək üçün fırlanan dəzgah hissəsini əl ilə və başqa üsulla dayandırmaq olmaz. Bundan ötrü ancaq tormozdan istifadə edilməlidir. Mişarlayıcı diskin radial istiqamətdə 0.1 millimetrdən və ox istiqamətində 0.5 millimetrdən artıq vurması zamanı və diskdə çat yerlər olduqda işləmək qadağan edilir.
Əlləri kəsmədən qorumaq üçün ehtiyatlı olmaq lazımdır. Balta ilə işlədikdə kəsilən taxta və ya ağac möhkəm bərkidilməlidir. Mişarlama zamanı mişarın sıxılmasının qarşısını almaq üçün çüydən istifadə edilməlidir. Kəsici iskənə ilə sıyırma işləri ancaq hissə çilingər dolabına möhkəm bərkidildikdən sonra aparılmalıdır. Rəndə ilə işlədikdə onu emal edilən hissəni tutan əldən aralı saxlamaq lazımdır ki, təsadüfən əli yaralamasın.