Qaynaqçı elektrodu dəyişən zaman da elektrik cərəyanı altına düşə bilər. Odur ki, o, özünü elektrik cərəyanından qorumalıdır. Ərimiş metal damcılarından və elektrik qaynağının şüa enerjisindən qorunmaq üçün daim brezent əlcəklərlə və brezent önlüklə işləmək lazımdır (Şəkil 6.27 və Şəkil 6.28).
Elektrod tutucuların (Şəkil 6.29) texniki vəziyyətinin saz olması da qaynaqçının işi zamanı onun təhlükəsizliyinə böyük təsir göstərir. Elektrod tutucusu yaxşı izolyasiya olunmalıdır. Qaynaq naqili ilə etibarlı birləşməli və cərəyan daşıyan hissələrə toxunmadan elektrod dəyişməni təmin etməlidir. Elektrodu dəyişən zaman qaynaq dövrəsindən gərginliyi götürən və ya onu 12-24 Volta qədər azaldan bloklaşdırıcı (ayırıcı) qurğudan istifadə edilməlidir.
Qaynaq qurğusunun cərəyan keçirən naqillərinin izolyasiyasının və ya onların üstüaçıq (izolyasiyasız) olmasına yol verilmir. Belə halda elektriklə zədələnməyə nəinki qaynaqçı, habelə köməkçi fəhlə və ya yaxınlıqda işləyənlər də məruz qala bilərlər. Elektrik xəttindən qidalanan avadanlıqların bütün metal konstruksiyalı hissələri yerlə birləşdirilməlidir.
Səyyar qaynaq qurğuları işə başlanmazdan qabaq yerlə birləşdirilməlidir. Ancaq iş qurtardıqdan sonra yerlə birləşdirici götürülməlidir. Yerlə birləşdirmə (torpaqlama) zamanı naqil torpaqlama magistralına birləşdirildikdən sonra qaynaq avadanlığına birləşdirilir. Yerlə birləşdirmənin götürülməsi isə əks ardıcıllıqla edilir.
Qaynaqçı və onun köməkçiləri qaynaq şüasının zərərli təsirindən qorunmaq üçün əllərinə brezent əlcək geyirlər. Gözlərini, üzünü və boynunu xüsusi maska və ya şit vasitəsi ilə qoruyurlar (Şəkil 6.30).
Qövsü yandırmamışdan qabaq ətrafdakılar bu haqda xəbərdar edilməlidir. Maskalar və yaxud şitin qaynaq qövsü söndürülmədən öncə çıxarılması qadağan edilir.