Şəkil 1.8. Dirsəkli valın yoxlanması
Yeyilmə nəticəsində val boyunları formasını dəyişir. Oval və konus formasında olur. Yeyilmə nəticəsində ovallığın və konusluğun ölçüləri millimetrlə müəyyən qiymət alır. Bu qiymət ana boyunlarında 0,08 millimetr, sürgüqolu boyunlarında isə 0,06 millimetr olduqda təmir olunur. Təmir zamanı boyunlar cilalanma və pardaqlanma ilə təmir ölçülərinə gətirilir.
Ana və sürgüqolu boyunlarının təmir ölçüləri arasında müəyyən fərq olur. Bu fərq ana boyunları üçün 0,05 millimetr, sürgüqolu boyunları üçün isə 0,75 millimetr qəbul edilir. Bir dirsəkli valda eyni adlı boyunlar eyni təmir ölçüsündə cilalanır və pardaqlanır. Boyunlar pardaqlandıqdan sonra konusluq və ovallıq 0,015 millimetrdən artıq olmamalıdır. Dirsəkli valın boyunlarının cilalanma və parlaqlanması üçün 3A423, 3B423 tipli xüsusi cilalama və pardaqlama dəzgahlarından istifadə olunur. Dirsəkli valların təmirində ən axırda boyunlar pardaqlanır. Əvvəlcə ana boyunlar, sonra isə sürgüqolu boyunları pardaqlanır.
Diqqət! Sürgüqolu boyunları pardaqlanarkən çarxqolu radiusunun normal ölçüdə qalmasına diqqət yetirilməlidir. Çarxqolu radiusu dəyişərsə, porşenin yolu da dəyişəcək. Bu da sıxma dərəcəsinə təsir göstərir. Porşen başlığının klapana toxunma təhlükəsi yarana bilər.
Dirsəkli valların 4 təmir ölçüsü var. Elə dirsəkli vallar var ki, həddən artıq yüklənmə şəraitində işləyir. Bu əsasən, dizel mühərrikləri üçün nəzərdə tutulur. Həmin dirsəkli vallar üçün 5-8 təmir ölçüsü nəzərdə tutulur. Hər bir təmir ölçüsü 0,25 millimetr ardıcıllıqla aparılır.