Əməliyyat nəzarəti hər hansı bir əməliyyat başa çatdıqdan sonra aparılır. Bu nəzarət adi qaydada yoxlama ilə aparılır. Təmir zamanı əməliyyatın düzgün aparılmamasından müəyyən zay, keyfiyyətsiz hissə yaranır. Əməliyyat nəzarət üsulu ilə qaynaq işi yoxlanılır.
Qrup şəklində (aralıq) nəzarət qrup şəklində əməliyyatların yerinə yetirilməsində tətbiq olunur. Bu nəzarət hissələrin emalı və yığılması zamanı həyata keçirilir. Məsələn, dirsəkli valın boynunun cilalanması və parlaqlanması, arxa körpü valına konusvarı diyircəkli yastıqların yığılması və s..
Çıxış nəzarəti, əsasən, qrup halında yığılma başa çatdıqdan sonra aparılır. Hissələrin bərpası və təmiri aparıldıqdan sonra onlara nəzarət başa çatır. Sonra onlar yığılaraq bir aqreqat qovşağı yaradır. Həmin qovşaq və aqreqatı çıxış nəzarəti ilə yoxlayırlar. Məsələn, yağ nasosu, porşen sürgüqolu qrupu, yanacaq nasosu, ötürmələr qutusu bu nəzarət üsulu ilə yoxlanır.
➢ Aparılma vaxtına görə nəzarət aşağıdakı növlərə ayrılır:
Sistemli nəzarətdə, əsasən, təmirdə istifadə olunan istehsal vasitələrinin vəziyyətinin yoxlanması aparılır. Burada hissələrin təmirində istifadə olunan avadanlıqların, qurğuların və alətlərin işinə nəzarət olunur. Sistemli nəzarətdə hər gün yerinə yetirilən işin keyfiyyətinə nəzarət olunur. Məsələn, hissələrin işlənmə keyfiyyətinə, yığma işlərinin yerinə yetirilmə keyfiyyətinə nəzarət olunur.
Dövrü nəzarət müəyyən olunmuş aralıq vaxtlarda aparılır. Bu nəzarət təmir texnoloji prosesində yerinə yetirilən müxtəlif əməliyyatlara tətbiq olunur.
Müəssisə tərəfindən aparılan nəzarət müəyyənləşdirilməmiş aralıq vaxtlarda aparılır. Nəzarət mühəndis tərəfindən aparılır. Bununla yanaşı, nəzarət müəssisə rəhbəri və baş mühəndis tərəfindən də aparıla bilər. Burada, əsasən, maşınların təmirində yerinə yetirilən əməliyyatların keyfiyyətinə nəzarət olunur.
Xüsusi yoxlama tərəfindən aparılan nəzarət müəssisənin tabe olduğu baş idarə tərəfindən həyata keçirilir. Burada əsasən, buraxılan məhsulun keyfiyyəti və yaxud zay məhsullar yoxlanılır.
Aparılma yerinə görə nəzarət aşağıdakı növlərə ayrılır:
Stasionar nəzarət xüsusi avadanlıqlar olan yerdə aparılır. Bu nəzarətdə nəzarət ölçü avadanlıqlarından və cihazlardan istifadə olunur. Bu avadanlıqlar vasitəsilə məhsul birbaşa yerində yoxlanır.
Hərəkətli nəzarət işçi yerlərində aparılır. Bu əsasən, qrup şəklində komplekt yığma işlərində, arxa körpünün, çərçivənin, blokun yığılmasında tətbiq olunur.