Çox vaxt çertyojda bu proyeksiyaların hamısını vermək lazım gəlmir. Forması sadə olan hissə 3 və ya 2, bəzi hallarda 1 görünüşdə verilir. Mürəkkəb formalı hissənin görünüşünün verilməsində bəzən 6 əsas proyeksiya da kifayət etmir. Belə hallarda kəsimlər, en kəsimlər və s. kimi görünüşlər əlavə olunur.
Şəkil 5.2. Hissənin müxtəlif proyeksiya müstəvisində görünüşləri
Çertyojun çəkilməsi zamanı görünüşlərin sayının azalması nəzərə alınır. Bununla yanaşı, hissə haqqında tam təsəvvürün yaranması təmin olunmalıdır. Proyeksiyaların çertyojda yerləşdirmə qaydalarını bilmək lazımdır. Bundan sonra bütün görünüşlərdə verilmiş hissənin lazımi göstəricilərini müəyyən etmək olar. Hissəyə aid olan xətləri, nöqtələri asanlıqla tapmaq olar. Bu da sonradan çertyojun oxunmasını asanlaşdırır.
Çertyoju çəkmək üçün əvvəlcə miqyas seçilir. Miqyas (M)-hissənin çertyojdakı ölçülərinin həqiqi ölçülərinə olan nisbətidir.
Miqyas standarta (DUİST 2302-68) əsasən müəyyən olunur. Buna görə də miqyas düzgün seçilməlidir.
M1 yazısında göstərilir ki, çertyojdakı hissənin ölçüsü onun həqiqi ölçüsü ilə eynidir.
Ölçüsü kiçildilmiş miqyaslar: M1 : 2; M1 : 2,5; M1 : 4; M1 : 5; M1 : 10; M1 : 15; M1 : 20; M1 : 25; M1 : 40; M1 : 50; M1 : 75; M1 : 100; M1 : 200; M1 : 400; M1 : 500; M1 : 800; M1 : 1000.
Ölçüsü böyüdülmüş miqyaslar: M2 : 1; M2,5 : 1; M4 : 1; M5 : 1; M10 : 1 M20 : 1; M40 : 1; M50 :1; M100 : 1.