5. Təmirin keyfiyyətinə nəzarət, maşın və avadanlıqların təmirə qəbulu
Təmir müəssisəsində hissələrin təmiri və bərpası yüksək səviyyədə keyfiyyətlə yerinə yetirilməlidir. Bunun üçün hər bir hissənin təmiri texniki şərtlərə uyğun aparılmalıdır. Texniki şərtdə təmirin keyfiyyətlə aparılmasına qoyulan tələblər öz əksini tapır. Bununla yanaşı, hissələrin hazırlanması və yığılmasında işçi çertyojlardan istifadə olunur. Texniki sənədlər bu çertyoja əsasən tərtib olunur. Ona görə də maşınqayırmada istifadə olunan çertyojları oxumağı bacarmaq lazımdır. Bütün təmir müəssisələrində keyfiyyətin təmin olunması üçün texniki nəzarət həyata keçirilir. Burada əsas məqsəd zay məhsul istehsalının qarşısını almaqdır. Təmir olunmuş maşın əvvəlcə işlədilib sınaqdan keçirilir, yoxlanılır və sonra sifarişçiyə verilir.
5.1. Maşınqayırmada istifadə olunan çertyojun oxunması
Təmir müəssisələrində müxtəlif hissələrin hazırlanması işçi çertyoj kimi əsas sənəddən istifadə edilməklə həyata keçirilir. İşçi çertyojlarında hissənin şəkli ilə yanaşı, onun bütün ölçüləri verilir. Bununla belə hissənin hazırlanacağı materiala dair məlumatlar və hazır olan hissəyə qoyulan tələblər və s. öz əksini tapır. Çertyojda, əsasən, bütün işlərin yerinə yetirilməsi üçün lazımi texniki sənədlər hazırlanır. Bunlardan yerinə yetirilən işlərin cədvəlləri, müxtəlif təlimatlar və s. hazırlanır.
Çertyojlarında bir çox şərti işarələr DÜİST-lə müəyyən olunur. Bunları bilməklə çertyoju düzgün oxumaq olar.
Əsas qaydalar nəzərə alınmaqla çertyojlar hazırlanır.
Maşınqayırma çertyojlarında hissənin görünüşü müəyyən bir ardıcıllıqla çəkilir. Burada əsasən, düz bucaq proyeksiyası üsulundan istifadə olunur. Çertyojun mərkəz hissəsində hissənin forma və ölçülərinə dair tam təsəvvür verən əsas görünüş əks olunur (Şəkil 5.1). Qalan görünüşlər əsas görünüşü tamamlayır. Bu görünüşlərə daxildir: üst görünüş-əsas görünüşün altında; sol görünüş-əsas görünüşdən sağda; sağ görünüş-əsas görünüşdən solda; alt görünüşəsas görünüşdən üstdə; arxadan görünüş-sol görünüşdən sağda olur (Şəkil 5.1, Şəkil 5.2).
Şəkil 5.1. Hissənin altı proyeksiya müstəvisində görünüşləri