Sürgüqolunun gövdəsində əyilmə və burulma olduqda əvvəlcə yoxlanılır. Yoxlama üçün KN-720 (KH-720) markalı cihazdan istifadə olunur. Sürgüqolunu yoxlamaq üçün düz səthli cihaza qondarılaraq üzərinə dəqiq metal xətkeş yerləşdirilir. Onun üstü ilə ox boyu indikatorlu mikrometr hərəkət etdirilir. Alınmış böyük göstəricidən kiçik göstərici çıxılır və alınan qiymət əyriliyi göstərir. Əyilmə həmin cihazın sıxılması, burulma isə çarmıxı vasitəsilə düzəldilir.
Sürgüqolunun düzəldilməsi zamanı o, soyuq halda olmalıdır.
Əgər sürgüqolunda əyilmə və ya burulma buraxılabilən normanı aşıbsa, onda xüsusi tərtibatda presləməklə normal formaya gətirirlər (Şəkil 1.3).
Diqqət! Düzəldilmə zamanı sürgüqolunun yuxarı və aşağı yuvalarının mərkəzi oxlarının paralelliyi gözlənilməlidir.
Eyni zamanda gövdəsi həmin mərkəzi oxa perpendikulyar olmalıdır. Sürgüqolunun hər 100 millimetr uzunluğunda paralellikdən kənarlaşması 0,04 millimetrdən çox olmamalıdır. Perpendikulyarlıqdan kənarlaşma isə 0,06 millimetrdən çox olmamalıdır.
Təmir edildikdən sonra sürgüqolu öz yerinə bağlanır.
Diqqət! Sürgüqolunun dirsəkli valının boynuna bağlanan hissəsində birləşmə kip olmalıdır.
Birləşmə səthlərinin paralellikdən kənarlaşması 0,02 millimetrdən artıq olmamalıdır. Sürgüqolu öz yerinə bağlanarkən (yığılarkən) onun oymağı ilə porşen barmağı arasında araboşluğu olur. Bu araboşluğunun qiyməti müxtəlif marka mühərriklərdə müxtəlif qiymətlərə qədər ola bilər.
Yığılma zamanı sürgüqolu seçilir. Sürgüqolunun təmirdən əvvəl istismara yararlı vəziyyətdəki normal çəkisi ilə təmirdən sonrakı çəkisi müqayisə olunur. Çəkilər arasındakı fərq 30 qramdan atıq olmamalıdır.