Verilən oksigen axını dəmiri yandırır və əmələ gəlmiş oksidləri kənarlaşdırır. Dəmirin yanması zamanı çıxan istilik qızdırıcı alovun istiliyi ilə birlikdə metalın yaxındakı təbəqələrini qızdırır. Kəsicinin hərəkət etdiyi istiqamətdə kəsilmiş kiçik aralıq yaranır.
Qaz vasitəsi ilə kəsmə iki üsulla aparılır: əl alətləri ilə kəsmə və maşın ilə kəsmə. Kəsmə maşın ilə aparıldıqda kəsicinin müəyyən olunmuş kəsmə xətti üzrə hərəkəti mexanikləşdirilir. Bu üsulla kəsmə əl alətləri ilə kəsməyə nisbətən daha dəqiq aparılır. Kəsmə aparan zaman vibrasiya (titrəmə) yaranmır. Bununla yanaşı, kəsici bərabər sürətlə hərəkət edir. Universal maşınlar uzununa və eninə istiqamətlərdə müxtəlif formalarda kəsmə aparır:
Qaz vasitəsi ilə qalınlığı 300 millimetrə qədər hissələrin kəsilməsi aparıla bilər. Kəsmə zamanı asetilen qazından istifadə olunması məhsuldarlığı daha da artırır. Bununla yanaşı, hidrogen, benzin və kerosin buxarlarından istifadə etmək olar.
Oksigen axınından metal hissələri kəsməkdən əlavə onda müəyyən deşiklərin açılması üçün də istifadə olunur. Deşik adi kəsici ilə və ya oksigen nizəsi (mızrağı) ilə yandırmaqla açılır. Açılan deşiklərin dərinliyi 100-3000 millimetrə qədər ola bilər.
Kəsməzdən əvvəl metal təbəqənin kənarlarına yaxın hissələr, açıq qırmızı rəng alıncaya qədər qızdırılır. Sonra kəsici oksigen axını verilir. Əgər metal hissəni kənardan deyil, başqa yerindən kəsmək lazımsa, həmin yerdə qabaqcadan burğu ilə deşik açılır. Açılmış deşikdən başlayaraq kəsmə aparılır.
Qalınlığı 10 millimetrə qədər olan metal təbəqələrin kəsilməsi aparıla bilər. Bu zaman bir neçə təbəqəni birdən kəsməyə imkan verən “dəstə ilə kəsmə” üsulundan istifadə olunur. Bu üsulun tətbiqi məhsuldarlığın artırılmasına imkan verir.
Dalğıc işlərində su altında qaz ilə kəsmə üsulu tətbiq olunur. Bu zaman kəsicinin başına geydirilən kolpaklı xüsusi quruluşlu kəsicilərdən istifadə olunur. Su təbəqəsi kolpakın altından sıxılmış hava axını ilə sıxışdırılıb kənarlaşdırılır.
4.1.6.6. Elektrik qövsü ilə hissələrin kəsilməsi
Elektrik qövsü ilə kəsmə üsulunda metal kəsmə zonasında metal hissəciklərin əriməsi nəticəsində xırda hissələrə doğranır. Buna görə də elektrik qövsü ilə kəsmə üsulu polad, çuqun və əlvan metallar üçün tətbiq oluna bilər.
Elektrik qövsü ilə kəsmə üsulunda qrafit və ya kömür elektrodlardan istifadə oluna bilər. Kəsmə zamanı qrafit elektroddan istifadə olunduqda kəsilən yerlər daha təmiz alınır.
Elektrodlardan istifadə etməklə metalın kəsilməsi iqtisadi cəhətdən az səmərəli olur. Çünki bunun üçün yalnız qalın yaxmalı elektrodlar işlədilə bilər. İstifadə olunan elektrodda yaxmanın qalın olması çoxlu şlak (posa-mühafizə edici qat) yaranması üçün lazım olur.
Elektrik qövsü ilə kəsmədə kəsilən hissələrin səthi hamar olmur. Buna görə də əsasən, metal qırıntılarını doğramaq üçün işlədilir. Bununla yanaşı, yüksək legirlənmiş polad tökmələrində qaz ilə kəsilməsi mümkün olmayan hissələri və ərinmiş metal növlərini kəsib ayırmaq və s. üçün də tətbiq olunur. Bu üsulla kəsmədə məhsuldarlıq az olur.