Porşen barmaqlarında səthin yeyilməsi və cızılması kimi nasazlıqlar ola bilər. Səthin yeyilməsi mikrometrdən istifadə etməklə ölçülür. Ölçünün hüdud qiyməti mühərrikin markasından asılı olaraq texniki şərtə uyğun seçilir. Barmaqlar yeyildikdə onların işlək səthlərini mərkəzsiz cilalama (dəqiqlik sinfinə yaxınlaşdırmaq) dəzgahında təmir ölçüsünə uyğun cilalamaqla təmir edilir. Əvvəlcə cilalanır, sonra lazımi ölçüyə xromlanıb pardaqlamaqla (dəqiqlik sinfinə uyğunlaşdırmaq) təmir etmək olar. Bəzi hallarda barmağı tam əskiltməklə onun daxili diametri sıxılıb genişləndirilir.
Bununla da xarici diametr böyüyür. Yenidən termiki emal etməklə və cilalamaqla təmir edilir. Təmir edilmiş porşen barmaqlarının səthi parlaq və ləkəsiz olmalıdır. Səthin ovallığı və konusluğu 0,01 millimetrdən çox olmamalıdır.
Porşendəki yuvaların ölçülərinə uyğun porşen barmaqları seçilir. Barmağın ölçüləri ilə yuvanın ölçüləri uyğun olmalıdır. Dəstləşdirmə (yığılma) zamanı porşenə aid olan hissələrin ağırlığı da nəzərə alınmalıdır. Porşenə aid olan hissələrin normal ölçüdə ağırlığı ilə təmir olunandan sonrakı ağırlıq fərqi 15 qramdan çox olmamalıdır. Porşendə isə bu fərq 10 qramdan artıq olmamalıdır.
1.2.2. Sürgüqolunun təmiri
Sürgüqolu qəbul etdiyi qüvvəni dirsəkli vala ötürür. Buna görə də daim dəyişən qüvvə altında işləyir. Yüksək keyfiyyətli poladdan hazırlanır. Sürgüqolunda aşağıdakı nasazlıqlar ola bilər:
Oymaq yuvalarının və içlik oturan yuvanın yeyilməsi daxili ölçən indikatorlu mikrometrlə və ya müvafiq kalibrlərlə təyin edilir. Ölçü hüdudu mühərrikin markasından asılı olaraq texniki şərtə uyğun seçilir.
Sürgüqolunda oymaq yuvaları yeyildikdə porşen barmağı oturan yuva rayberlənərək (yonularaq) genəldilir. Həmin yuvaya genəldilmiş ölçüdə oymaq preslənir. Preslənmiş oymağın daxili yenidən rayberlənərək (yonularaq) diametri barmağın ölçüsünə uyğunlaşdırılır. Oymağın ovallığı və konusluğu 0,005 millimetrdən çox olmamalıdır.
Diqqət! Yuvaları yonarkən onların divarının qalınlığının müəyyən həddən az olmasına yol vermək olmaz.
Bu, müxtəlif markalı mühərriklərdə ayrı-ayrı qiymətlərə malikdir.
Sürgüqolunun dirsəkli valın sürgüqolu boyunlarına birləşən hissəsində içlik oturan yuva yeyilir. Yeyilmə indikatorlu mikrometrlə təyin olunur (Şəkil 1.4). Yeyilmiş hissə avtomat qaynaq edilməklə bərpa edilir. Qaynaq edilmiş hissə iç yonuş dəzgahında yonulur, sonra cilalanaraq lazımi ölçüyə gətirilir. Birləşmə səthləri yeyildikdə də eyni qayda ilə təmir olunur. Sürgüqolunda bolt və qayka başlıqları oturan səthlər yeyildikdə gözlə baxmaqla müəyyən olunur. Yeyilmə olduqda bolt yerində fırlanır. Həmin hissə qaynaq olunmaqla bərpa olunur. Yenidən yonulub cilalanır və lazımi ölçüyə gətirilir.