4.1.6.4. Bıçaqla kəsmə
Metal hissələrin müəyyən fiqur formasında kəsilməsi üçün kəsici bıçaqlardan istifadə olunur. Bu üsulla kəsilən metalın qalınlığı 1 millimetr olur. Əl aləti ilə kəsmə apardıqda iki kəsici bıçaqdan istifadə olunur. Bu bıçaqların müəyyən olunmuş yerləşmə bucağı 7-120 qəbul olunur. Kəsmə üçün istifadə olunan dəzgah əl və elektriklə işləyən olur.
4.1.6.5. Qaz qaynağı vasitəsi ilə kəsmə
Qaz vasitəsi ilə metal hissələrin kəsilməsi metalın oksigen axınında yanması əsasında aparılır (Şəkil 4.42). Buna görə də bu üsul yalnız alışma temperaturu ərimə temperaturundan aşağı olan metallar üçün tətbiq olunur. Bunlara dəmir, tərkibində 0,7 faizə qədər karbon olan karbonlu polad və bəzi legirlənmiş polad növlərindən olan metal və onların ərintiləri daxildir. Çuqun, alüminium, mis və onun xəlitələri oksigen axını ilə kəsilmir. Çünki onlar oksigen axını ilə qızdırılma nəticəsində əriməyə bilər. Bununla yanaşı, çoxlu sayda çətin əriyən oksidlər yaranır. Bu metalları qaz vasitəsi ilə kəsmək üçün, əsasən, dəmirdən ibarət olan toz halında flüsdən istifadə olunur. Kəsmə zonasında flüs oksigen axınında yanaraq yüksək temperatur yaradır. Bu zaman yaranan oksidlər əriyir və oksigen axınının onlara çıxmasını təmin edir.
Şəkil 4.42. Qazla kəsmə sxemi
Xüsusi kəsici lampalardan istifadə edərək dəmir və polad materialların kəsilməsi aparılır. Bunlar xüsusi kəsici lampalar adlanır.
Kəsici lampaların oksigen axınını vermək üçün xüsusi kanalı var. Buna görə də onlar qaynaq lampalarından fərqlənir. Yaranmış yanıcı qarışıq qalyanın dairəvi formalı kanalı vasitəsi ilə verilir.
Yanıcı qarışıq yanma alov əmələ gətirir. Həmin alov metalı yanma temperaturuna qədər qızdırır. Qızmış metala boru vasitəsi ilə oksigen axını verilir.