Hissə tələb olunan qalınlığı alana qədər yeyənin irəli-geri hərəkəti davam etdirilir. Tələb olunan irəligeri hərəkət yeyənin işçi gedişi kimi qəbul olunur. Həmin anda çilingərin sağ əli yeyəni emal olunan hissəyə möhkəm sıxmalıdır. Yeyənin geri hərəkəti isə işçi gediş kimi qəbul olunmur. Ona görə də geriyə hərəkət zamanı yeyə sərbəst hərəkət etdirilməlidir. Yeyələrin işlək səthləri üzərində xırda çıxıntılı dişləri var. Həmin dişlər vasitəsi ilə yeyə metal hissənin üzərindən yonqar (ovuntu) şəklində kiçik təbəqələr götürür. Emal olunacaq səthin formasından və yonma qalınlığından asılı olaraq müxtəlif növ yeyələrdən istifadə olunur (Şəkil 4.37). Ən çox aşağıdakı yeyələrdən istifadə olunur:
Yastı və qabarıq səthlərin yeyələnməsi, habelə novların və işgil yuvalarının açılması üçün düzbucaqlı yeyədən istifadə olunur.
Yarımdairəvi yeyənin yastı tərəfi ilə müstəvi səthləri yeyələyirlər. Yarımdairəvi tərəfi ilə isə batıq səthləri və yarımdairəvi səthlərin yeyələnməsi işi aparılır.
Daxili bucaqların, üçüzlü deşiklərin və başqa səthlərin yeyələnməsi üçün üçbucaq formalı yeyələrdən istifadə olunur.
Kvadrat və düzbucaqlı deşiklərin, habelə yastı yeyənin çətinliklə girən ensiz yastı səthlərinin yeyələnməsi üçün kvadrat yeyələrdən istifadə olunur.
Dairəvi yeyə dairə və ovalşəkilli deşiklərin və batıq səthlərin yeyələnməsi üçündür.
Ovalşəkilli yeyədən xarici və daxili batıq səthlərin, ovalşəkilli deşiklərin, xarici və daxili haşiyələrin yeyələnməsində tətbiq olunur.
Rombşəkilli yeyə dişli çarxların, diyircəklərin yeyələnməsi və həmin hissələrin dişlərindəki tilişkələrin təmizlənməsi üçün tətbiq olunur.
Yeyənin üzərindəki dişli çıxıntılar paralel və çarpaz formada ola bilər. Dişli çıxıntıları paralel olan yeyələrdən yumşaq materialdan olan hissələrin emalında istifadə olunur. Materialı bərk olan hissələrin emalında isə dişli çıxıntıları çarpaz olan yeyələr tətbiq olunur.
Yeyələr dişlərin böyüklüyünə görə iki qrupa bölünür: