Çilingər çəkici iki formada olur (Şəkil 4.7): yumrubaşlı və kvadratbaşlı. Çəkicin burun, döyəc və orta hissəsində isə ovalşəkilli deşik olur. Deşik olan hissəyə ağacdan dəstək taxılır.
Hissənin səthi üzərində zərbə yerinin qalmaması üçün döyəclənən səth bir qədər qabarıq olmalıdır. Bunun kənarları isə haşiyə formasında olur. Çəkicin burun hissəsi paz şəklində hazırlanır. Uc hissəsi isə girdə formasına salınır. Çəkicin deşiyində dəstək möhkəm oturmalıdır. Bunun üçün onun ucuna 2-3 millimetr qalınlığında paz vurulur (Şəkil 4.8).
Çəkicin ağırlığından asılı olaraq dəstəklərin uzunluğu seçilir. Əsasən, dəstəklərin uzunluğu 250 millimetrdən 450 millimetrədək olur.
İstifadə olunan çəkiclərin ağırlığı 200 qramdan 1000 qrama qədər dəyişir. Çəkiclərin ağırlığı işin növündən və işçinin gücündən asılı olaraq seçilir. 13-14 yaşlı insanlar üçün 400 qramlıq, 16-18 yaşlı insanlar üçün 500 qramlıq, 20-22 yaşlı insanlar isə 600 qramlıq ağırlığında çəkicdən istifadə nəzərdə tutulur.
Metal hissənin çapılması işlərini yerinə yetirən zaman çəkici sağ ələ alıb dəstəyinin ucundan tutmaq lazımdır. İş zamanı çəkicin dəstəyi 4 barmaqla araya alınıb ovucda sıxılır və baş barmaq şəhadət barmağının üstünə qoyulur. Zərbə endirən zaman dəstək bərk yumulmuş barmaqlarla sıxılmalıdır.
Zərbə endirilən zaman çəkicin döyəc və burun hissəsindən istifadə oluna bilər. Eyni qüvvə ilə zərbə endirdikdə çəkicin burnu metal hissəyə daha çox təsir göstərir. Çünki bu zaman vahid səthə düşən təzyiq döyəcə nisbətən daha çox olur.
Metal hissələrin çapılmasında iskənədən də istifadə olunur.
İskənənin orta hissəsi paz şəklində hazırlanır (Şəkil 4.9). Kəsici hissəsi isə iki tərəfli itilənmiş kəsən üzlü olur. Zərbə hissəsi konus şəklində hazırlanıb kənarları isə girdələşdirilir. Emal edilən hissənin materialından asılı olaraq iskənənin itilik bucağı seçilir (Şəkil 4.10) və (Cədvəl 4.1).