Nişanlama üçün istifadə olunan masanı cızılmadan və xarici zərbələrdən qorumaq lazımdır. Ona görə də iş qurtardıqdan sonra masa təmiz quru əski ilə silinib üstü örtülür.
Nişanlama zamanı əvvəlcə əsas mərkəzi xətlər çəkilir. Bununla da nişanlama işlərinə başlanılır. Bundan sonra qalan xətlər, mərkəzi xətlər nəzərə alınaraq çəkilir. Əvvəlcə bütün üfüqi xətlər, sonra isə nəzərdə tutulan bütün şaquli xətlər çəkilir. Bunun davamı olaraq sonra maili xətlər və sonda çevrə və əyri xətlər çəkilir.
Çilingər nişanlama işlərini aparan zaman aşağıda adları qeyd olunan alətlərdən istifadə edir (Şəkil 4.1).
Əvvəlcə ölçmə işləri aparılır (Şəkil 4.2). Nişanlama zamanı nişanlanacaq hissənin üzərində xətlər çəkmək (cızmaq) üçün metal qələmdən istifadə olunur.
İstifadə zamanı metal qələmin nişanlamanı aparan adama təhlükəli olmaması üçün bir ucu əyilmiş formada olur.
Metal qələm vasitəsilə nişanlama xətləri cızılır (Şəkil 4.3).
Şəkildə göstərildiyi kimi metal qələmin ucu iti olmalıdır (Şəkil 4.4). Metal qələmin iti ucu tablandırılır.
Cızılmış xətlər üzərində nöqtələr qoyulur (Şəkil 4.5). Bunun üçün sümbədən istifadə olunur.
Metal çubuq formasında olan sümbənin uzunluğu 80-90 millimetr, diametri isə 15-20 millimetrdir. Uclardan biri 30-450 bucaq altında hazırlanır və tablandırılır.
Sümbə polad materialdan hazırlanır. İstifadə zamanı sümbənin bir ucu cızıq xətt açılmış metal hissə üzərində lazımi yerə söykənir. Digər ucundan çəkiclə vururlar. Bunun nəticəsində hissənin üzərində lazımi yerdə nöqtə alınması yerinə yetirilir.
Nişanlama işlərində ən geniş istifadə olunan alətlərdən biri də pərgardır.