Yaranan bu qüsurlar qaynağın düzgün aparılmamasından yaranır. Bununla yanaşı, elektrodun düzgün seçilməməsindən və başqa səbəblərdən yarana bilər.
Qaynaq zamanı yaranan tikişin qızması və sonradan soyuması nəticəsində strukturu və mexaniki xassələri dəyişir. Ona görə də qaynaq tikişində qalıcı gərginliklər olur. Yaranan gərginlikləri aradan qaldırmaq və strukturu eyniləşdirmək üçün qaynaqlanan hissələrin tabı alınır.
3.1.4. Qaynaq aparatları (cihazları)
Metal elektrod işlətdikdə elektrik qövsünün yanması üçün 18-25 Volt gərginlik tələb olunur. Kömür elektrod işlətdikdə isə 30-40 Volt gərginlik lazım olur. Qövs yarandığı anda elektrod qaynaq edilən hissəyə toxunur (Şəkil 3.4). Cərəyanın şiddəti artır, gərginlik isə tam aşağı düşür. Qövsü uzatdıqda isə gərginlik artır.
Elektrik qövs qaynağını sabit və ya dəyişən cərəyanla aparmaq olar. Sabit cərəyanla alınan qövs daha dayanıqlı olur. Lakin çox elektrik enerjisi sərf edilir. Buna görə də çəkilən xərc dəyişən cərəyanla aparılan qaynaqda çox olur.
Şəkil 3.4. Əl ilə aparılan elektrik-qövs qaynağı
Sabit cərəyanla qaynaq apardıqda generatordan istifadə olunur. Dəyişən cərəyanla qaynaq etdikdə isə ümumi istifadə olunan şəbəkə cərəyanından istifadə edilir. Dəyişən cərəyanla işləyən qaynaq aparatı, alçaldıcı transformator və cərəyan tənzimləyicisindən ibarət olur.
İstifadə olunan qaynaq aparatları və generatorları bir işçi yerli və çox işçi yerli olur. Bir işçi yerli aparatlar bir qaynağa, çox işçi yerli aparatlar isə bir neçə qaynağa cərəyan verir. Çox işçi yerli qaynaq aparatlarından böyük qaynaq sexlərində istifadə olunur. Ümumiyyətlə böyük qaynaq işləri qaynaq sexlərində aparılır
Sabit cərəyanla qaynaq aparan zaman elektrik mühərriki ilə işləyən generatorlardan və ya daxili yanma mühərriklərindən istifadə olunur.