Örtük keyfiyyətli olduqda çəkisi elektrodun bütün çəkisinin 20-35 faizini təşkil edir. Örtük təbəqəsinin qalınlığı isə 0,25-0,35 d daxilində dəyişir. Burada d-elektrodun diametridir.
Örtüklü elektrodlardan fərqli olaraq örtüksüz elektrodlara çıplaq elektrod deyilir.
Örtüksüz elektrodlarla qaynaq apardıqda yaranan tikişin metalı qazların təsirinə məruz qalır. Ona görə də tikiş metalın tərkibində artıq miqdarda oksigen və azot olur. Tikiş metalı tez soyuyub bərkiyir. Ona görə də qeyri-metal aşqarlar və qaz qovuqcuqları tikişin metalından ayrılıb çıxa bilmir. Belə tikişlərin keyfiyyəti aşağı olur.
Yüksək keyfiyyətli tikişin alınması üçün qalın örtüklü elektrodlardan istifadə olunur. Detalları qaynaq üçün hazırladıqda metalı düzləndirir, nişanlayır, qeyd edir, kəsir, tilləri soyuq və ya isti əymə üçün hazırlayırlar. Metalın qaynaq olunacaq yerindəki pası, yağı, rütubəti, yanığı və çirki təmizləyirlər ki, tikiş məsaməli alınmasın və digər bu kimi nöqsanlar yaranmasın. Elektrik qaynaqçısı elektrodun ucunu qaynaq prosesində üç istiqamətdə hərəkət etdirir:
Birinci hərəkət - elektrodun oxu istiqamətində irəliləmə hərəkətidir ki, bu hərəkət qövsün tələb olunan uzunluğunu saxlamaq üçündür.
İkinci hərəkət - qaynaq tikişini yaratmaq üçün ovalın oxu boyunca edilir. Elektrodun hərəkət sürəti cərəyanın qiymətindən, elektrodun diametrindən, tikişin tipindən, fəzadakı vəziyyətindən asılıdır. Tikişin oxu boyu elektrodun hərəkət sürətinin düzgün seçilməsi tikişin tələb olunan formasını və keyfiyyətini təmin etməyə imkan verir.
Elektrodun 1-ci və 2-ci hərəkəti nəticəsində alınmış qaynaq tikişinə telqaynaq tikişi deyilir.
Üçüncü hərəkət - elektrodun ucunu, telqaynağa nisbətən daha çox tətbiq edilən enli oval əmələ gətirmək üçün tikişin eni üzrə titrədirlər (Şəkil 3.3).
Şəkil 3.3 Enli ovallar qaynaqladıqda, elektrod ucunun hərəkət trayektoriyası
Qaynaq tikişlərində aşağıdakı qüsurlar ola bilər: