Benardos üsulu ilə qaynaqetmə sənayedə çox az işlədilir (Şəkil 3.1). Əsasən, nazik qalınlıqlı polad hissələrdən də bortlu birləşmələr almaq üçün istifadə olunur. Bununla yanaşı, əlvan metalları və çuqunu birləşdirmək, toz halında olan bərk xəlitələri üstdən əridib tökmək üçün istifadə edilir. Bu qaynaq üsulu sabit cərəyanla aparılır. Qaynaq zamanı alınan elektrik qövsünün davamlılığını təmin etmək və elektrod sərfini azaltmaq lazım gəlir. Bu zaman daha yaxşı qızdırılması üçün düz polyarlıqdan istifadə olunur. Hissəni anod (+), elektrodu isə katod (-) edirlər.
Slavyanov üsulu - Slavyanov üsulunda naqil şəklində götürülən metal elektrod işlədilir (Şəkil 3.2). Bu üsulda elektrod ilə qaynaq edilən metal arasında əmələ gələn qövs həm əsas metalı, həm də elektrodu əridir. Bununla da ümumi qaynaq vannası yaranır. Yaranmış qaynaq vannasında əriyən metal bir-birinə qarışır. Burada elektrod eyni zamanda doldurucu naqil işini görür. Elektrod kimi istifadə olunan naqillərin diametri 1 millimetrdən 100 millimetrə qədər dəyişir. Tərkibində 0,1-0,18 faiz karbon olan yumşaq naqildən poladı qaynaq etmək üçün istifadə olunur.
Slavyanov üsulu ilə aparılan əl qaynağında örtüklü elektrodlardan istifadə olunur. Örtükləri nazik olan elektrodlar ionlaşdırıcı, qalın örtüklü elektrodlar isə keyfiyyətli olur.
Elektrodlarda nazik örtük elektrik qövsünün yanması müddətini artırmaq üçün çəkilir. Bu örtüklər, əsasən, təbaşir ilə maye şüşədən ibarət olur. Təbaşirin tərkibindəki kalsium birləşmələri asanlıqla ionlaşır. Elektrik keçirən hissəciklər şəklində ayrılıb çıxır. Onlar qövsün qaz aralığını dolduraraq onun yanmasını asanlaşdırır. Elektrodun bütün çəkisinin 1-2 faizini ionlaşdırıcı örtüyün çəkisi təşkil edir. Örtük təbəqəsinin qalınlığı isə 0,1-0,26 millimetr arasında dəyişir. Qalın (keyfiyyətli) örtüklər qövsün davamlılığını təmin edir. Bundan başqa, bir sıra qoyulan tələbatı da təmin etməlidir. Bunun üçün qalın örtüklərdə işlədilən materialların tərkibi elə seçilir ki, qövsün ətrafında qoruyucu qaz mühiti yaransın. Burada əsas məqsəd elektrodun qövs daxilində əriyən hissəsini və vanna yaradan metalı oksidləşmədən qorumaqdır. Bununla yanaşı, qazların azotun vannada həll olmasının qarşısını alır. Əriyən elektrod metalı oksidləşməkdən və azot udmasından qoruyur. Metalın soyuması sürətini azaldır. Bununla da həll olmuş qazların tamamilə ayrılıb çıxmasına və tikişin sıxlığının artmasına kömək edir. Qaynaq tikişini legirləşdirmək lazım gəldikdə örtüyün tərkibinə legirləşdirici elementləri olan ferroxəlitələr daxil edilir.
Qalın örtüklərin tərkibində aşağıdakı maddələr olur: