3.1.1. Qaynağın tərifi və əsas qaynaq üsullarının təsnifatı
Bərk metalların yerli əridilmə və ya birgə deformasiya yolu ilə ayrılmaz birləşdirilməsi prosesinə qaynaq deyilir. Bütün qaynaq növlərini aşağıdakı iki əsas əlamətinə görə təsnif etmək olar:
İstehsalatda geniş tətbiqini tapan qaynaq növləri elektrik qövsü və qaz qaynaqlarıdır. Qaynaq qövsü gərginlik altında olan iki elektrod arasındakı qaz aralığında atmosfer təzyiqinə yaxın təzyiqdə baş verən uzunmüddətli güclü elektrik boşalmasından ibarətdir. Bu elektrodlardan biri qaynaqlanan metal olduqda, belə qövsə düzünə təsirli qövs deyilir. Qövs iki ayrı elektrod arasında yaranarsa, buna dolayı təsirli qövs deyilir.
Elektrodun ucu qaynaqlanan metala toxunduqda, qaynaq dövrəsində qısa qapanma baş verir (a). Elektrodun metala toxunma nöqtəsində çox yüksək sıxlığa malik olan cərəyan, ayrı-ayrı çıxıntılardan keçərək bunları ani surətdə əridir. Nəticədə elektrodla metal arasında nazik maye metal pərdəsi yaranır (b). Sonra elektrod bir qədər aralanır və bu zaman maye metalda boyun (c) əmələ gəlir. Boyunda cərəyan sıxlığı və metalın temperaturu yüksəlir. Ərimiş metalın buxarlanması nəticəsində boyun qırılır, yaranan araboşluğundakı qaz və buxarlar ani olaraq ionlaşır, elektrodla metal arasında qaynaq qövsü yaranır (ç).
Şəkil 3.1. Qaynaq qövsünün yaranma sxemi
1 - Elektrod;
2 - Metal;
3 - Qövs.
3.1.2. Qövs qaynağı üçün elektrodlar
Qaynaqlanmış metalın keyfiyyəti və xassələri elektrod məftili metalının düzgün seçilməsindən və elektord örtüyünün tərkibindən asılıdır. Qövs qaynağı üsulundan asılı olaraq polad, çuqun, əlvan metallardan və ərintilərdən hazırlanmış, volfram, kömür, qrafitli elektrodlardan istifadə edilir. Qaynaq məftilindən əriyən örtüklü elektrod çubuğu hazırlayırlar.